İlahiyyat İnstitutunda yaz imtahan sessiyasının təşkili məsələləri onlayn müzakirə olunub

İlahiyyat İnstitutunda yaz imtahan sessiyasının təşkili məsələləri onlayn müzakirə olunub Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbər heyətinin iştirakı ilə distant təhsillə bağlı onlayn iclas keçirilib.
İclasda mövcud şəraitdə cari semestr üzrə tələbələrin biliyinin qiymətləndirilməsi, yaz semestri üzrə imtahan sessiyasının təşkili və digər məsələlər müzakirə olunub.
Onlayn iclasda çıxış edən Aİİ-nin rektoru vəzifəsini müvəqqəti icra edən, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov bildirib ki, Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təxirə salındığını nəzərə alaraq, ali təhsil müəssisəsində də dərslər onlayn davam etdirilir. Təhsil Nazirliyinin tövsiyə etdiyi “Microsoft Teams” platforması distant təhsil almaq, tədris prosesini tənzimləmək və ona nəzarət üçün geniş imkanlar təqdim edir.
A.Şirinov İlahiyyat İnstitutunda təhsilalan bəzi tələbələrin məsafədən tədrisə qoşula bilmədiklərini təəssüf hissi ilə bildirib.
Videokonfransda Aİİ-nin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Mübariz Camalov və digər rəhbər heyət iclasın gündəliyində duran məsələlərlə bağlı fikirlərini bildirib, tələbələrin dərslərdə aktivliyinin təmin edilməsi, qiymətləndirmə aparılması və imtahan sessiyasının təşkili ilə əlaqədar təkliflərini səsləndiriblər.
Aİİ-nin rektoru vəzifəsini müvəqqəti icra edən A.Şirinov koronavirus (COVID-19) infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, aprelin 27-dən bəzi məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, hər kəsi Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırıb.
Xatırladaq ki, ali təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra, tələbələrin təhsil prosesindən geri qalmaması üçün onlayn dərslərin təşkili həyata keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər