DİM-də xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üzrə onlayn iclas keçirilib

DİM-də xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üzrə onlayn iclas keçirilib Dövlət İmtahan Mərkəzində (DİM) 2020-2021-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üzrə onlayn iclas keçirilib.
İclas ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsinin, həmçinin tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qəbul imtahanlarına həsr edilib.
İclasda respublikanın müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, müəllimləri, müstəqil ekspertlər və DİM-in əməkdaşları iştirak ediblər. İclasda DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, ötən qəbul ilində imtahanların COVID-19 pandemiyası ilə əlaqədar təşkilati baxımdan daha çətin şərtlər altında həyata keçirilməsinə baxmayaraq xüsusi qabiliyyət imtahanları uğurla başa çatıb. Sədr bu il 11 min 489 abituriyent və 2597 subbakalavrın öz elektron ərizəsində yalnız V ixtisas qrupunu qeyd etdiyini iştirakçıların nəzərinə çatdırıb. Bildirilib ki, 46 min 280 abituriyent I-IV qruplarla yanaşı, V qrupu da elektron ərizələrində qeyd edib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Azad Zeynalov xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbulla bağlı öz təklif və rəylərini bildiriblər. Müzakirələrin yekunu olaraq imtahan proqramları, müsabiqə şərtləri, qiymətləndirmə meyarları və metodiki tövsiyələrin hər bir istiqamət üzrə təşkil edilmiş işçi qrup tərəfindən yenidən işlənməsi tövsiyə edilib. İşçi qruplara rəhbərlik yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyevə tapşırılıb.
İşçi qrupların fəaliyyətinin nəticələri haqqında məlumat DİM-in internet saytında yerləşdiriləcək. İşçi qrup tərəfindən xüsusi qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları və metodiki tövsiyələr işlənib hazırlandıqdan sonra təsdiq edilərək “Abituriyent” jurnalının xüsusi buraxılışı olan "Xüsusi qabiliyyət imtahanları" jurnalının 1-ci və 2-ci saylarında dərc ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər