Musiqi ixtisaslarına qəbul imtahanları ilə əlaqədar elmi-metodik seminarların yekun iclası keçirilib

Musiqi ixtisaslarına qəbul imtahanları ilə əlaqədar elmi-metodik seminarların yekun iclası keçirilib Dövlət İmtahan Mərkəzində (DİM) 2019–2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən musiqi sənəti istiqamətli ixtisaslara qəbul imtahanları ilə əlaqədar elmi-metodik seminarların yekun iclası keçirilib. Seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak ediblər.
Seminar iclasında 2019–2020-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən musiqi sənəti istiqamətli ixtisaslar üzrə bakalavriat səviyyəsinə qəbul imtahanlarının müsabiqə şərtləri və proqram tələbləri müzakirə edilib. Həmçinin müəyyən komissiyalar üzrə təyin olunmuş qabiliyyət imtahanı fənlərinin dəyişdirilməsi ilə bağlı fikirlər səsləndirilib.
Seminarı açan DİM-in yoxlama ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri haqqında məlumat verib. O, 2014-cü ildə təyin olunmuş təhsil standartları əsasında qoyulan tələblər barədə ətraflı danışaraq, musiqi istiqaməti üzrə müəyyən ixtisasları əhatə edən komissiyaların birləşdirilməsini təklif edib.
2019–2020-ci tədris ili üçün nəzərdə tutulmuş buraxılış imtahanlarının nəticəsinin 300 ballıq qiymətləndirmə şkalası ilə aparılması qabiliyyət imtahanlarına qoyulan minimum keçid ballarının yenidən təyin olunmasına zərurət yaradır. Bu balların müzakirəsi və təyin olunması ilə bağlı qeyd olunan tarixlərdə komissiyalar üzrə keçirilmiş seminarlarda da müzakirələr aparılıb:
İnstrumental ifaçılıq və xalq çalğı alətləri ifaçılığı komissiyaları (30.10.2018);
Solooxuma, xanəndəlik, milli vokal, estrada sənəti komissiyaları (31.10.2018);
Musiqi təhsili (musiqi müəllimliyi) komissiyası (01.11.2018);
Musiqişünaslıq, bəstəkarlıq, dirijorluq komissiyaları (02.11.2018).
Bu komissiyalar üzrə seminarların təşkilini həyata keçirən qabiliyyət imtahanları üzrə sektorun məsləhətçisi Abasova Nuran seminarlarda musiqi istiqaməti üzrə qəbul imtahanlarının məqsədi və məzmunu, abituriyentlərin nəzəri biliklərinin yoxlanılması məqsədi ilə keçirilən nəzəriyyə imtahanlarının vacibliyi, 2014-cü ildə qəbul olunmuş standartlar əsasında ixtisaslar üzrə komissiyaların təşkili, proqramların tədrisinə qoyulan tələblər barədə çıxış edib. O, növbəti qəbul imtahanında müəyyən komissiyalar üzrə tələblərin eyniləşdirilməsi və bu komissiyaların birləşdirilməsi təklifini dəstəkləyib.
Seminarlarda qabiliyyət tələb edən ixtisaslar üzrə mütəxəssis hazırlığı aparan Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Bakı Xoreoqrafiya Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyətini təmsil edən nümayəndələri iştirak ediblər.
İclaslarda 2017/2018-ci tədris ili üçün keçirilmiş qabiliyyət imtahanlarının yekunları müzakirə edilib, qarşıya çıxan bir sıra məsələlərin həlli yolları üçün təkliflər verilib. Seminarların gedişində növbəti tədris ilində keçiriləcək qabiliyyət imtahanlarına hazırlıq işləri çərçivəsində metodiki vəsaitlərdə verilmiş materialların müzakirəsi aparılıb.
Müzakirə və fikir mübadiləsi nəticəsində növbəti tədris ili üçün qəbul olunacaq qaydalar və proqramlar “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Musiqi sənəti” adlı vəsaitdə çap ediləcək. Bu vəsaitdə qabiliyyət imtahanı üzrə proqramlar, qiymətləndirmə meyarları, metodiki tövsiyələr bakalavrlara təqdim ediləcək. Vəsaitin elektron variantı DİM-in internet saytında yerləşdiriləcək.

DİM-in Mətbuat Xidməti

Oxşar xəbərlər