UNEC-də “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsinə başlanılıb

UNEC-də “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsinə başlanılıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi (KİM) “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsinə start verib.
“Nizami Gəncəvi İli”nə həsr olunan layihə çərçivəsində dahi şairin irsinə dair Azərbaycanda və dünyada aparılan tədqiqat işləri və nəşr edilmiş kitablar, eləcə də ədibin dünyanın bir sıra aparıcı kitabxanalarında müxtəlif dillərdə saxlanılan əsərləri haqqında biblioqrafik məlumat ictimaiyyətə təqdim ediləcək.
Layihədə ilk iş olaraq, UNEC KİM ABŞ-ın Konqres Kitabxanasında mövcud olan məlumatları təqdim edir. KİM-in axtarışına əsasən, Konqres Kitabxanasında Nizami Gəncəvi irsinə aid 329 əsərin biblioqrafik yazısı əldə edilib. Həmin əsərlər Bakı, Nyu-York, London, Paris, Roma, Stokholm, Leyden, Moskva, Sankt-Peterburq, Daşkənd, Dehli, Düşənbə, Tehran şəhərlərində müxtəlif dillərdə nəşr edilib.
Araşdırma zamanı məlum olub ki, Konqres Kitabxanasında mühafizə olunan ən qədim əlyazma XVIII əsrdə (təxminən 1750-ci il) Hindistanda fars dilində yazıya köçürüldüyü ehtimal edilən “İskəndərnamə” əsəridir. Ən yeni nəşr isə 2021-ci ildə Nyu-Yorkda çap edilmiş “Leyli və Məcnun” əsəridir. Qeyd edək ki, burada audionəşrlər də yer alıb.

Tehsil-press.az



Oxşar xəbərlər