Paşinyanın sözlərini ələ salan general istefaya göndərildi

Paşinyanın sözlərini ələ salan general istefaya göndərildi General-leytenant Tiran Xaçatryan Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilib.
Müvafiq fərmanı Ermənistan prezidenti Armen Sarkisyan imzalayıb.
Sənəddə qərarın baş nazir Nikol Paşinyanın təklifi əsasında qəbul edildiyi qeyd olunub.
Xaçatryanın istefaya göndərilməsinin səbəbi Yerevan.today saytına açıqlamasında Paşinyanın sözlərini ələ salması olub. Belə ki, Xaçatryan Paşinyanın keçmiş prezident Serj Sarkisyanın “İskəndər” raketlərindən istifadə olunmaması ilə bağlı ittihamlarına münasibətini şərh edərkən gülüb və bu cavabı qeyri-ciddi adlandırıb: “Əlbəttə, mümkün deyil… Necə? İskəndər? Bir atəş?... 10%? Bağışlayın, amma bu gülməlidir”.
Xaçatryan istefaya göndərilənədək Ermənistan Müdafiə Nazirliyi sözügedən açıqlama ilə bağlı jurnalistin onun sözlərini təhrif etdiyini bəyan etmişdi.
Xatırladaq ki, N. Paşinyan “1in.am” saytına müsahibəsində İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı “İskəndər” raketindən istifadə etdiyini etiraf edib. O, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın Azərbaycanla müharibənin 3-4-cü günündə nə üçün “İskəndər” raketindən istifadə edilməməsi ilə bağlı ittihamına cavabında bildirib ki, müharibədə əslində “İskəndər”dən istifadə olunub, amma raket partlamayıb.

Tehsil-press.az


Oxşar xəbərlər