“Azərbaycan Respublikasının təhsil sistemində elektron təhsil təcrübəsinin təşviqi” layihəsi yekunlaşıb

“Azərbaycan Respublikasının təhsil sistemində elektron təhsil təcrübəsinin təşviqi” layihəsi yekunlaşıb Təhsil Nazirliyi və Təhsil İnstitutunun UNICEF ilə əməkdaşlığı çərçivəsində “Azərbaycan Respublikasının təhsil sistemində elektron təhsil təcrübəsinin təşviqi” layihəsi yekunlaşıb.
2020-ci ilin may ayından həyata keçirilən bu layihə iki mərhələdən ibarət olub. İlkin mərhələdə şagirdlərin öyrənmə qabiliyyətini və müəllimə dəstəyi artırmaq, effektiv məktəb fəaliyyətini təmin etmək, qiymətləndirməni həyata keçirmək üçün tövsiyələr, distant dərsin qiymətləndirilməsi üçün meyarlar və s. hazırlanıb. Bununla yanaşı, müəllimlərə distant təhsilin təşkili, e-təhsil resursları və alətləri mövzusunda təlimlər, habelə məktəb rəhbərliyi, yerli təhsili idarəetmə orqanlarının işçiləri üçün vebinarlar keçirilib. Layihə çərçivəsində məktəbəqədər yaşlı və əlilliyi olan uşaqlar, gənc valideynlər üçün videodərslər hazırlanıb. Həmin videolar yerli telekanallar, sosial media və Təhsil Nazirliyinin onlayn təlim platformalarında yayımlanıb.
Layihənin ikinci mərhələsində müəllimlər üçün distant və hibrid tədrisin təşkili, e-tədrisdə istifadə olunan alətlər və bununla bağlı digər mövzularda təlimlər, məktəb rəhbərliyi və təhsili yerli idarəetmə orqanlarının əməkdaşları üçün hibrid məktəb, distant tədris, e-tədris üçün alətlər, davamiyyətə nəzarət və s. mövzularda vebinarlar təşkil olunub. Həmçinin COVID-19 pandemiyası dövründə və sonrasında tədrisin təşkilinə dair məktəblərin, təhsili yerli idarəetmə orqanlarının peşəkar inkişafı üçün videotəlimat, vebinarlar, “Oyunların uşaqların həyatındakı rolu” və “Valideyn münasibətlərinin uşaq şəxsiyyətinin formalaşmasında rolu”na dair videolar, şagirdlərə psixososial dəstək göstərilməsi ilə bağlı müəllimlər və valideynlər üçün təlimat/tövsiyələr, eyni zamanda digər materiallar hazırlanıb.

Tehsil-press.az


Oxşar xəbərlər