Bakı Dövlət Universitetində tədrisin məsafədən təşkili uğurla davam etdirilir

Bakı Dövlət Universitetində tədrisin məsafədən təşkili uğurla davam etdirilir Ölkəmizdə koronavirus pandemiyası (COVID-19) ilə bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırılması səbəbilə Bakı Dövlət Universitetində (BDU) təhsilin davamlılığı onlayn formada həyata keçirilir. Əzəli torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən Vətən müharibəsi dövründə ölkədə internetə məhdudiyyətlərin tətbiq olunması tədris prosesində müəyyən müddət fasilə yaratsa da, BDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilib. Hazırda universitetdə dərs prosesi sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsinə, böyük həcmli materialların yerləşdirilməsinə imkan verən “Microsoft Teams” platforması vasitəsilə uğurla həyata keçirilməkdədir.
Ali təhsil ocağında distant təhsil prosesində öyrədən və öyrənən arasında əlaqənin telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ təşkil olunması üçün lazımi tədbirlər görülüb. BDU distant təhsil texnologiyaları ilə tədrisin məsafədən təşkili üçün bütün resurslarını səfərbər edib. Tədris prosesinin təşkili, dərslərin keçirilməsinə nəzarət, texniki çətinliklərin aradan qaldırılması, müəllim və tələbələrin bu platformadan düzgün istifadə etməsinə kömək məqsədilə ali məktəbin məsafədən fəaliyyət göstərən işçi qrupu formalaşdırılıb. Distant formada dərslərin əksəriyyətinin videoqeydiyyatı aparılır. Bu da internet imkanları məhdud tələbələrə həmin mühazirəni yenidən izləmək imkanı verir.
Qeyd edək ki, tədris prosesinin davamlılığını təmin etmək məqsədilə 2020-ci il martın 18-də Təhsil Nazirliyi bütün ali təhsil müəssisələrinə tədris prosesinin məsafədən təşkil edilməsi ilə bağlı “Microsoft Teams” platformasından istifadəni tövsiyə edib. Dərs ili başlamadan öncə bütün fakültələrdə professor-müəllim heyəti üçün “Microsoft Teams” paltformasından istifadəyə dair onlayn formada təlimlər təşkil edilib. Tələbə heyəti üçün platformadan istifadə üzrə təlimatlar hazırlanıb. Onlayn dərslərin texniki təminatı daha da təkmilləşdirilib. Məsafədən təhsilin keyfiyyətli təşkili üçün lazımi şərait yaradılıb.

Tehsil-press.az

Oxşar xəbərlər