BDU-da “Xocalı faciəsi - insanlığa qarşı törədilmiş bəşəri cinayət” adlı onlayn beynəlxalq tədbir keçirilib

BDU-da “Xocalı faciəsi - insanlığa qarşı törədilmiş bəşəri cinayət” adlı onlayn beynəlxalq tədbir keçirilib Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı faciəsi - insanlığa qarşı törədilmiş bəşəri cinayət” mövzusunda onlayn dəyirmi masa keçirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın azadlığı, ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, xalqımızın yaşadığı məhrumiyyətlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində geridə qalıb, Azərbaycan xalqı qalib xalqa çevrilib. Xocalı faciəsinə həsr olunmuş tədbirlər bu il başqa əhval-ruhiyyədə - qalib ölkənin vətəndaşları kimi keçirilir. Xocalıda və digər torpaqlarımızda erməni təcavüzkarlarının həyata keçirdiyi soyqırımı aktları nəticəsində həlak olan həmvətənlərimizin qisası siyasət meydanı ilə yanaşı, döyüş meydanında da alındı. Xocalı şəhidlərimizin ruhu bu gün şaddır. Prezidentimizin dediyi kimi – Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alınıb.
Sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, İsrailin “The Jerusalem Post” qəzetinin siyasi şərhçisi, siyasi analitik Arye Qut, Moldova Respublikasının İctimai Palatasının sədri, Moldova Vəkillər Kollegiyasının üzvü Aureliya Qriqoriu, Milli Məclisin deputatı Elman Məmmədov, Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri Anar İsgəndərov, BDU-nun Tarix fakültəsinin dekanı vəzifəsini icra edən, professor İbrahim Zeynalov, Xocalı özünümüdafiə batalyonunun komandiri, Milli Qəhrəman Tofiq Hüseynovun nəvəsi, BDU-nun Hüquq fakültəsinin tələbəsi Məxmər Ələkbərzadə Xocalı soyqırımı, mənfur erməni silahlılarının törətdiyi bəşəri cinayət haqqında çıxış ediblər. Çıxış edənlər ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi cinayətlərdən biri olan Xocalı soyqırımının məqsədi, səbəb və nəticələri, faciənin miqyası ilə bağlı bir çox tarixi faktları diqqətə çatdırıblar.

Tehsil-press.az


Oxşar xəbərlər