Həmyerlimiz Vaqif Bayramov yenidən Moskva Dövlət Humanitar-İqtisad Universitetinin rektoru seçilib

Həmyerlimiz Vaqif Bayramov yenidən Moskva Dövlət Humanitar-İqtisad Universitetinin rektoru seçilib Həmyerlimiz, sosiologiya elmləri doktoru, professor Vaqif Bayramov Moskva Dövlət Humanitar-İqtisad Universitetinin (MDHİU) növbəti 5 il üçün rektoru seçilib.
Moskva Dövlət Humanitar-İqtisad Universitetində elmi və pedaqoji işçilərin, təhsil nazirliyinin nümayəndələrinin və tələbələrinin iştirakı ilə növbəti 5 il üçün rektor seçkilərinə dair konfransı keçirilib. Bu il Moskva Dövlət Humanitar-İqtisad Universitetinin rektoru vəzifəsinə seçkilərdə iştirak etmək üçün 3 namizəd ərizə verib.
Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Attestasiya Komissiyası iki namizədi, həmyerlimiz, universitetin hazırkı rektoru Vaqif Bayramovun, həmçinin universitetin iqtisadiyyat fakültəsinin dekani Lyubov Dyoqtyevanın seçkilərdə iştirakını təsdiq edib.
Konfrans zamanı rektor vəzifəsinə namizədlər universitetin növbəti 5 ili üçün inkişaf proqramının təqdim ediblər. Hər iki namizəd konfrans iştirakçılarının suallarını cavablandırıb.
Gizli səsvermənin nəticələrinə əsasən həmyerlimiz, sosioloji elmlər doktoru, professor Vaqif Bayramov Moskva Dövlət Humanitar-İqtisad Universitetinin növbəti 5 il üçün rektoru seçilib.
V.Bayramov bildirib ki, hazırda universitetdə dünyanın 20-dən çox ölkəsinin nümayəndəsi təhsil alır.
“Bu illər ərzində universitet beynəlxalq səviyyədə böyük nüfuz qazanıb. Bu gün universitetdə dünyanın 20-dən çox ölkəsinin nümayəndəsi təhsil alır. Universitet dünyanın 7-dən çox ölkəsi, Azərbaycan, Çin, Fransa ilə əməkdaşlıq edir. Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyası çərçivəsində Azərbaycan universitetləri ilə uzunmüddətli müqavilələrimiz bağlanıb.
Azərbaycan İqtisad Universiteti ilə ikili diploma dair müqaviləmiz var və bu təhsil sahəsində çox önəmli bir addımdır”, - deyə o bildirib.
MDHİU-nin maliyyə kafedrasının professoru, iqtisadi elmlər doktoru Vaqif Kərimov qeyd edib ki, universitet təhsil sistemi baxımından və kontingent baxımından fərqlidir. Burada təhsil alan tələbələrin yarıdan çoxu fiziki qüsurlu, əlil insanlardır. Universitetin həm Rusiyada, həm də bir sıra xarici ölkələrdə filialları fəaliyyət göstərir.
V.Kərimov deyib: “Bildiyiniz kimi, Rusiya və Azərbaycan hökumətləri arasında gələcəkdə MDHİU-nun Azərbaycanda da filialının açılması barədə razılıq əldə edilib. Böyük həvəslə Azərbaycanda bu təhsil formasını təqdim etməyə hazırıq”.

Tehsil-press.az

Oxşar xəbərlər