Fizika İnstitutu elm və tədris müəssisələrini birgə fundamental tədqiqatlar aparmaq üçün əməkdaşlığa dəvət edir

Fizika İnstitutu elm və tədris müəssisələrini birgə fundamental tədqiqatlar aparmaq üçün əməkdaşlığa dəvət edir Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” 2019-cu il 10 yanvar tarixli Sərəncamında alimlərin innovasiya təşəbbüskarlığının və rəqəmsal texnologiyadan istifadəsinin təşviq edilməsi nəzərdə tutulur. UNESCO-nun sonuncu Baş Konfransında davamlı inkişafın maraqlarının təmini məqsədilə 2022-ci ilin Beynəlxalq İnkişaf üçün Fundamental Elmlər İli elan edilməsinə dair qərar qəbul olunub. Qərarın əsas məqsədi fundamental elmi tədqiqatların bütün dünyanın davamlı inkişafında həlledici rolunu, eyni zamanda, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində bu tədqiqatların verdiyi töhfəni vurğulamaqdan ibarətdir.
Hazırda Azərbaycan yüksək elmi potensiala malik ölkələr sırasına daxildir. Ölkənin elmi işçilərinin qarşısında duran məsələlərdən biri də elmdə varisliyin təmin edilməsidir. Bu, gənclərin elmi maraqlarının və yollarının müəyyən edilməsində xüsusi əhəmiyyət kəsb edir. Respublikamızda fizika üzrə fundamental tədqiqatların aparıcı mərkəzi olan Fizika İnstitutu bu məqsədlə Azərbaycanın elm və tədris müəssisələrini birgə fəaliyyətə dəvət edir.
Birgə fəaliyyətin məqsədi fundamental tədqiqatların davamlı aparılması üçün tədqiqatçıların bir-birinə köməyinin təmin edilməsi, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, azərbaycanlı alimlərin dünya elmi ictimaiyyəti sıralarına daxil edilməsinə kömək göstərilməsi, müxtəlif regionlardan və təşkilatlardan olan gənc alimlər tərəfindən birgə elmi proqramların tərtib edilməsi və həyata keçirilməsinə müvafiq şəraitin yaradılmasıdır. Eyni zamanda, birgə fəaliyyətin məqsədi respublika üçün əhəmiyyət kəsb edən, yeni biliklərin mənimsənilməsinə təkan verən fundamental elmi tədqiqat layihələrinin təqdimatına kömək göstərmək, fundamental tədqiqatlar aparan elmi kollektivlərin və alimlərin fərdi şəkildə dəstəklənməsi, tədqiqatların nəticələri haqqında məlumatların yayılması və nəşr olunmasıdır.
Fizika İnstitutunun fundamental tədqiqatlarının əsas istiqamətləri bunlardır: kondensə olunmuş hal fizikası; optoelektronikanın fiziki-texniki əsasları; nüvə fizikası və yüksək enerjilər fizikası; mühəndis elminin fundamental əsasları.

Tehsil-press.az

Oxşar xəbərlər