BDU-da ustad dərsi: İslam arxeologiyası

BDU-da ustad dərsi: İslam arxeologiyası Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Arxeologiya və etnoqrafiya kafedrasının dosent əvəzi, tarix elmləri doktoru Tarix Dostiyev “İslam arxeologiyası” mövzusunda ustad dərsi keçib.
Tədbirdə Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova fakültədə elmi seminar və ustad dərslərinin mütəmadi olaraq keçirildiyini bildirib, belə tədbirlərin elmin təbliğindəki əhəmiyyətindən danışıb.
Tarix Dostiyev İslam arxeologiyasının predmeti və obyekti, coğrafiyası, biliklər sistemində yeri, orta əsr müsəlman cəmiyyətinin və İslam sivilizasiyasının öyrənilməsində rolu və əhəmiyyəti haqqında geniş məruzə ilə çıxış edib. O, multikultural dəyərlərin və tolerantlığın mövcudluğunu çoxsaylı faktiki materiallarla sənədləşdirən İslam arxeologiyasının dini ekstremizmi və qarşıdurmanı rədd etməsi, mədəniyyətlərin dialoquna və konfessiyalararası qarşılıqlı anlaşmanın möhkəmlənməsinə müsbət təsir göstərməsi barədə müqayisələr aparıb, müsəlman ölkələrinin tarixinin, mədəniyyətinin, iqtisadiyyatının, məişətinin öyrənilməsi üçün perspektivlərin olduğuna diqqət çəkib.
Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Azad Rzayev, Azərbaycan tarixi (Təbiət elmləri fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev, Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, dosent Kərəm Məmmədov orta əsr islam abidələrinin öyrənilməsi, Bibliya arxeologiyasının tədqiqatları ilə “İncil”dəki məlumatların uyğunluğu, bərpa işlərindən sonra Qarabağda arxeoloji irsin qorunması və mədəniyyətimizin, İslam sivilizasiyasının əsas beşiyi kimi maddi-mənəvi dəyərlərimizin qorunması üçün muzeylərin açılmasının labüdlüyü haqqında fikirlərini bölüşüblər.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Ustad dərsində fakültənin əməkdaşları, doktorant və magistrantları, eləcə də AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları - Elmi fond və ekspozisiya şöbəsinin müdiri Fərhad Quliyev və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımov iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər