Qədim Albaniyanın bədii metalişləmə sənəti tədqiq edilib

Qədim Albaniyanın bədii metalişləmə sənəti tədqiq edilib AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsində bu elmi müəssisənin magistrantı Nərmin Məmmədlinin “Şirvan bölgəsinin Antik dövr bədii metalişləmə sənəti (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” mövzusunda dissertasiyasının müzakirəsi keçirilib.
İclasda institutun əməkdaşları, o cümlədən dissertasiyanın elmi rəhbəri, Antik dövr arxeologiyası şöbəsinin müdiri Zaur Həsənov, Tədris və beynəlxalq əlaqələr şöbəsinin müdiri Səfər Aşurov, Numizmatika və epiqrafika şöbəsinin müdiri Akif Quliyev, Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri Bəhlul İbrahimli, Arxeoloji texnologiya sektorunun müdiri Bəxtiyar Cəlilov və başqaları iştirak ediblər.
Dissertasiyada Şirvan bölgəsinin arxeoloji abidələrinin öyrənilmə tarixinə nəzər salınıb, metal məmulatlarının istehsal üsulları, tapıntıların təsnifatı, semantikası və s. məsələlər tədqiq edilib.
Qeyd edilib ki, Nərmin Məmmədli Milli Azərbaycan Tarixi Muzeyinin Arxeoloji fondunda uzun müddət araşdırma aparıb və Antik dövrə aid 251 metal nümunəsini tədqiq edib. Onlardan 123-ü bu günə qədər tədqiq olunmamış materiallardır ki, bu, dissertasiyada ilk dəfə təqdim olunur.
Tədbir iştirakçıları dissertasiyanın yüksək səviyyədə yazıldığını və mövzunun aktuallığını qeyd ediblər. Vurğulanıb ki, qədim Albaniyanın abidələrindən tapılmış və əksəriyyəti tuncdan düzəldilmiş həmin bədii metal nümunələri unikal görünüşünə görə dünya incəsənətində layiqli yer tuta bilər. Problemin məhz bu baxımdan öyrənilməsi Albaniya mədəniyyətinin dünya elmində tanınması üçün böyük rol oynayır.

Tehsil-press.az

Oxşar xəbərlər