Akademik Tofiq Hacıyevin ədəbi irsi tükənməz bir xəzinədir

Akademik Tofiq Hacıyevin ədəbi irsi tükənməz bir xəzinədir Vətənini ürəkdən sevən, yurduna qəlbən bağlı olan şəxsiyyətlər tarixdə öz yaradıcılıqları və özlərindən sonra qoyub getdikləri ilə seçilir, fərqlənir və yaşayırlar. Onlar öz fərdi istəklərindən uzaqlaşıb, Tanrının ona yurd seçdiyi Vətənin, el-obanın, dərd-sərini özlərinin dərdinə çevirib bu dərdlərin aradan qaldırılması yolunda mücahidə çevrilirlər. Belə insanlar cəmiyyətin hansı təbəqəsinə mənsubiyyətindən asılı olmayaraq çalışıb-vuruşur və son anda bu yolda heç zaman silinməyən tarix yazırlar, onların ömrü əsərlərinin xalq arasında yaşaması ilə ölçülür. Müqəddəs Qarabağ torpağının azadlığı uğrunda döyüşüb qələbə sədaları altında ona həyat verən, öz qoynunda böyüdən torpağına qovuşan Qarabağ qəhrəmanları kimi.
Öz ana dilinin, bu dildə yazılan ədəbiyyatın, bu ədəbiyyatı yaradan şəxsiyyətlərin özlərindən sonra gələnlərə tanıdılması üçün ömürlərini şama çevirənlər çox olub. Onlardan biri də bütün həyatını öz ana dilinin və ədəbiyyatının tədqiqinə, öyrənilməsinə, qaranlıq qalan səhifələrin işıqlandırılmasına həsr edən, bu günlərdə 85 illiyi qeyd olunmuş, qədim Qarabağ torpağının yetişdirdiyi görkəmli şəxsiyyət, akademik, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Türkiyə Cümhuriyyətinin “Ləyaqət nişanı”, “Türk dünyasına xidmət” medalları ilə təltif olunmuş Tofiq İsmayıl oğlu Hacıyevdir. Təəssüf ki, böyük insan, görkəmli türkoloq bizim yaşadığımız bu günü, Qarabağın, o cümlədən doğma yurdu Cəbrayılın azad olunması xəbərini eşitmədi. Azad olunan torpaqlarda qürur, fərəh hissi ilə gəzib dolanmadı. Lakin o, Qarabağın azad oluncağına öz varlığına inandığı qədər inanırdı.
Bu fikirlər filologiya üzrə elmlər doktoru Sərdar Zeynalın “Akademik Tofiq Hacıyevin ədəbi irsi tükənməz bir xəzinədir” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
İndi ruhunun o torpaqlarda olduğunu düşünür, təsəlli axtarırıq. Amma bu cür təsəlli Tofiq Hacıyevin türkün əvəzsiz dilinə, qələbə dolu tarixinə həsr etdiyi yaradıcılığına uyuşmur.
Akademiki təkcə yaşadığı ölkənin bu günü deyil, dünəni və gələcəyi daha çox maraqlandırırdı. Buna görə də o, xalqın, vətənin, yaşadığı mühitin dərdlərini öz dərdinə çevirən Azərbaycanın bütün dəyərli şəxsiyyətlərinin yaradıcılığına müraciət edib, onları dəyərləndirib, xalqın düçar olduğu bəlalardan qurtarmağın yollarını onların öz əsərlərindən gətirdiyi nümunələrlə təsdiq etməyə çalışırdı.
Böyük alim Azərbaycan xalqının işıqlı gələcəyi, inkişafı və maariflənməsi yolunda qorxmadan, çəkinmədən mübarizə aparan Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir və digər mütəfəkkirlər haqqında onlarca sanballı məqalə, monoqrafiya və əsər yazıb cap etdirmisdi.
Bu yanaşma akademik Tofiq Hacıyevin M.Ə.Sabirin yaradıcılığına münasibətində daha qabarıq şəkildə görünür. O, aspiranturada oxuduğu illərdən bu məsələlərə yaxından diqqət göstərmiş, öz xalqının savadlanması və imzasının imzalar içində olmasına çalışan Sabir haqqında yeddi jurnal, 6 qəzet məqaləsi və iki kitab yazıb çap etdirmişdi. Onun şairin anadan olmasının 100 illiyinə həsr etdiyi “Sabirin fırçası” məqaləsi “Azərbaycan” jurnalında dərc edilib. Bu məqalədən sonra Tofiq Hacıyevin bir neçə məqaləsi müxtəlif məcmuə və elmi jurnallarda işıq üzü görüb. Alimin satirik əsərlərlə bağlı yazdığı əksər məqalələrdə Sabirin yaradıcılığına müraciət olunur. Bu məqalələrdə Sabirin özündən əvvəl yazıb-yaradan şairlərlə ideya bağlılığı, haqsızlığa nifrət, zəhmətkeş insanlara məhəbbət kimi əxlaqi fikirlər öz əksini tapıb.
İlk məqalədən sonra Tofiq Hacıyevin “Füzuli və Sabir” seriyası, “M.Ə.Sabir üslubunda “Molla Nəsrəddin” formaları, “Satirik nitqdə jarqonun xüsusiyyətləri”, “Dilimin satirik gücü”, “İnqilabi-satirik üslubda xüsusi isimlərin işlənmə xüsusiyyətləri” məqalələrini jurnal səhifələrində dərc etdirib, yenə də Sabir yaradıcılığına həsr edilmiş “Sabir satiraları dini xurafatla mübarizədə”, “Sabirin uşaq şeirləri haqqında”, “Sabirin elmi düşüncələri” adlı məqalələri qəzet səhifələrində işıq üzü görüb.
Bu jurnal və qəzet məqalələrindən başqa Tofiq Hacıyev Sabirin həyat və yaradıcılığı ilə bağlı kitab da nəşr etdirib. Kitablardan biri 1975-ci ildə ADU nəşriyyatında çap edilən “Satira dili” əsəri, digəri isə 1980-ci ildə “Yazıçı” nəşriyyatında işıq üzü görmüş “Sabir: qaynaqlar və sələflər” əsəridir. “Satira dili” əsəri bütünlüklə M.Ə.Sabirə həsr olunmasa da, “Sabir: qaynaqlar və sələflər” əsəri tamamilə Sabirin yaradıcılığına həsr edilib. Kitabda şairin Füzuli yaradıcılığından bəhrələnməsi, onun yaradıcılığına şifahi xalq ədəbiyyatı nümunələrinin təsiri, Sabir yaradıcılığının Mirzə Fətəli Axundzadə yaradıcılığı ilə bağlılığı, Sabir yaradıcılığında “Molla Nəsrəddin”in rolu və Sabir yaradıcılığında C.Məmmədquluzadənin bir şəxsiyyət kimi rolu və sair məsələlər öz əksini tapıb. Bundan əlavə, Sabirin əsərlərinin Cəfər Cabbarlı yaradıcılığına təsiri və sair məsələlər qələmə alınıb, bu böyük şəxsiyyətlərin hər birinin yaradıcılığının bir məktəb vəzifəsini yerinə yetirdiyi müqayisəli faktlarla konkretləşdirilib.
Akademik Tofiq Hacıyev “Sabir: qaynaqlar və sələflər” kitabının müqəddiməsi hesab olunan “Daha dərin köklər” bölməsində yazır: “Azərbaycandilli satirik şeir Mirzə Ələkbər Sabirlə kamala çatır: zarafatdan, məzhəkədən yüksəlib, masqaradan, həcvçilikdən çıxıb, mükəmməl ictimai-estetik vüsət qazanır; ötəri, əyləndirici gülüşdən sarsıdıcı gülüşə, yumşaq yumordan sərt satiraya keçir”.
Satirik əsərlərin, o cümlədən bu sahədə öz quruluş və axıcılığı ilə seçilən Sabir satiralarının bu qədər diqqətçəkən, təsirli və qaynar olması həmin dövrün eybəcərliklərinin çoxluğunun təsirindən ortaya çıxmışdır. Əgər həyatda baş verən haqsızlıqlar, eybəcərliklər, mənəm-mənəmliklər, başqalarının qismətinə göz dikmək, zavallıları əzmək, mənfiliklər kütləvi hal olmasaydı, onda bu satirik əsərlər yarana bilməzdi. Yəqin ki, onda heç satirik şeir növü də inkişaf edə bilməzdi.
Elə bu səbəbdən də kitab müəllifi yazır: “Xalq ən qədim dövrlərdən haqsızlığa, qəbahətə, mənfiliklərə nifrət bəsləmiş, qəzəblənmiş və bu satirik janrlarda nifrətini, qəzəbini ifadə etmişdir”.
Kitabın ikinci, eyni zamanda, ən geniş bölməsi “M.Füzuli və M.Ə.Sabir” adlanır. Kitab müəllifi hansı məqsədlə bir-birindən 350 illik bir məsafədə yaşayıb-yaratmış bu iki söz cəngavərinin yaradıcılıqlarını müqayisə edir?! Kitabı oxuduqca bir-birindən 350 illik məsafədə yaşayan bu insanların eyni dərdlə yaşadıqları, eyni ağrıları yaşadıqları gecə qaranlığında parıldayan şimşək kimi göz qamaşdırır.
Bu iki həmdərdi tarixlərin uzaq keşməkeşləri ayırsa da, onları eyni dərd, eyni əqidə, eyni məslək birləşdirir. Bu birlik, bu eynilik haradan və nədən qaynaqlanıb?!
Mən fikirləşmədən deyərdim ki, böyük satirikin dahi türk oğlu, qələmini bir çox sahələrdə sınayan, öz “Leyli və Məcnun”u ilə türk dilinə əbədi və möhtəşəm abidə ucaldan Füzuliyə, onun yaradıcılığına tükənməz sevgisindən irəli gəlib.
Akademik kitabda Füzuli yaradıcılığı ilə Sabir yaradıcılığı arasında paralellər aparır və bu qənaətə gəlir ki, Sabir uzun müddət Füzuli yaradıcılığından bəhrələnsə də, ilk əvvəllər şairin Füzuli şeirlərinin təsiri ilə yaratdığı şeirlər çox sönük görünür və Füzuli səviyyəsinə qalxa bilmir. Bunu nəzərə alan Tofiq Hacıyev yazır: “Sabir yaradıcılığı Füzuli yaradıcılığından qidalansa da, onların yaradıcılıqları arasındakı fərq aradan qaldırılmamış, Sabir bu xətti heç zaman keçib gedə bilməmişdir”. Tofiq Hacıyev göstərir ki, Füzuli zirvəsinə nəinki Sabir, heç onun müəllimi S.Ə.Şirvani də ucala bilməyib.
Bunu nəzərdə tutaraq akademik yazır: “Sabir görürdü ki, Füzuli məktəbinin ən istedadlı nümayəndəsi olan öz müəllimi Seyid Əzim belə onun bərabərinə çata bilməmiş və Füzuli üslubunda təxminən yeni heç bir şey deməmişdir.”
Müəllif nümunələrlə göstərir ki, Sabir uzun müddət Füzulinin cazibə qüvvəsində qalsa da, sonradan o bu tilsimindən çətin də olsa, uzaqlaşa bilir, özünü poeziya üfüqlərində daimi yaşadan yeni bir yola qədəm qoyur və bu yol onu Füzuliyə pərəstişkarlığından kənarlaşmağa kömək edir.
Sabirin Füzuli yardıcılığından ayrılıb özü üçün yeni bir bənzərsiz cığır açması və bu cığırdan keçdikdən sonra əlçatmaz uğurlar əldə etməsi kitabın dördüncü, “Müstəqil üslub yollarında” bölməsində öz əksini tapıb.
Verilən nümunə və aparılan təhlillərdən belə məlum olur ki, Sabir təkcə Füzuli yaradıcılığından deyil, öz dünyagörüşünə, ideyalarına uyğun gələn digər mütəfəkkirlərin də yaradıcılığından qidalanıb. Bu yaxınlıq təkcə insan sənətkarlığına olan vurğunluqdan, sənətkarlıq xüsusiyyətlərinin hesabına deyil, sənətkarlığı ilə digərlərindən kəskin surətdə fərqlənməklə, onların qarşılarına qoyduqları məqsəddən, amaldan da asılı idi.
Sabirin şəxsiyyətinə və tutduğu poetik yola hörmət bəslədiyi görkəmli sənətkarlardan biri də Azərbaycan dramaturgiyasının banisi, hamının savadlanması üçün yeni əlifba uğrunda mübarizə aparan şair, publisist, dövlət adamı, eyni zamanda, yurddaşlarının savadlanması üçün əlindən gələni əsirgəməyən M.F.Axundzadə idi.
Müəllif qeyd edir ki, Sabir təkcə Füzuli yaradıcılığını sevib, ondan qidalanmır, bu vurğunluq onun M.F.Axundzadə yaradıcılığına olan münasibətində də özünü göstərir.
Kitabın “Eyni səviyyə” bölməsində müəllif Sabirin M.F.Axundzadəyə, onun yaradıcılığına, yazdığı əsərlərdəki personajlara olan vurğunluğunu nəzərə alaraq yazır: “Müəllim seçmək məsələsi qarşısında dursa idi, Sabir bunu heç də problemə çevirmədən bütün sələflərindən öyrənməkdən imtina etmədən, şübhəsiz, M.F.Axundzadəni, həmişəlik özünə müəllim seçərdi. Yeganə müəllimdən dərs almağı heç kəs qanun zoruna qəbul etdirə bilməz. Sabir də həm Axundzadədən, həm də Füzulidən dərs alırdı”.
Kitabda Sabirin M.F.Axundzadəyə münasibətindən bəhs edən bölmələri oxuyanda duyursan ki, insan kamilliyi birtərəfli, kiminsə əsərləri-yaradıcılığı ilə tanış olmaqla başa gəlmir. Kamil, yaradıcı insan tarixdə qalmaq, yaddaşlara yazılmaq, tarixdən silinməmək üçün mütləq geniş elmi dünyagörüşünə, fasiləsiz mütaliəyə sahib olmalıdır. Elə bunu nəzərə alaraq kitabda yazılır: “Sabir Axundzadə ideyalarını məhz Füzulidən öyrəndiyi, mənimsədiyi sənətkarlığın gücü ilə öz yaradıcılığındakı məlum zirvəyə qaldırır”.
Müəllif Sabirin M.F.Axundzadə irsi ilə tanışlığı haqqında əldə heç bir rəsmi sənədin olmadığını qeyd edir. Lakin tutduğu yol, gördüyü işlər, qarşısına qoyduğu həlli tələb olunan məsələlər isə Sabirin Axundzadə yaradıcılığından qidanlandığını göstərən faktlar kimi ortaya qoyulur.
Bununla bağlı Tofiq Hacıyev yazır: “Böyük satirikin M.F.Axundzadə irsi ilə bilavasitə tanışlığı haqqında hələlik heç bir tarixi sənəd yoxdur. Lakin bu sənədsizlik iki sənətkarın üslub yaxınlığı kimi böyük faktın qarşısında gücsüzləşir”.
Tofiq Hacıyev Sabirlə M.F.Axundzadəni müqayisə edəndə onların hər ikisinin yaradıcılığının xalq mənafeyinə xidmət etdiyini, xalqın dərdini öz dərdi hesab edib, onu aradan qaldırmağın yollarını axtardıqlarını xüsusi olaraq qeyd edir. Bunu nəzərə alaraq yazır: “Ədəbiyyatımızın tarixindəki inqilabi çevriliş cəsarətinə görə M.Ə.Sabiri nə Q.B.Zakirlə, nə S.Ə.Şirvani ilə yox, məhz və yalnız M.F.Axundzadə ilə müqayisə etmək olar, ona bərabər tutmaq olar”. Tofiq Hacıyevin Sabiri Mirzə Fətəli ilə müqayisə etməsi onların yaşadıqları dövrlərin ictimai-siyasi atmosferinin müqayisəsindən irəli gəlir. Onların yaradacılığında öz əksini tapan inqilabi çevriliş ideyalarını dilə gətirib qələmə almaq müxtəlif formalarda qarşılanırdı ki, bu cür fikirləri irəli sürmək Axundzadə zamanında çox çətin və məsuliyyətli idi.
Professor Tofiq Hacıyev yazır: “Sabir də ədəbi formalara Mirzə Fətəli tələbləri ilə yanaşırdı. O dövrün tələbinə, “millətin işinə yarayan” formaya müraciət etdi, inqilabi satiranın bünövrəsini qoydu. Axundzadə ilə Sabirin yaxınlığı təkcə ideya, məslək birliyində, estetik baxış uyğunluğunda deyildir. M.F.Axundzadənin komediyaları ilə M.Ə.Sabir satiraları arasında ciddi üslubi təmas vardır”.
Müəllif Axundzadə və Sabir yaradıcılığında qarşıya qoyulan məqsəd, tənqid hədəfləri, həyata baxış və həlli vacib olan məsələlərdə bir yaxınlıq görür və bu yaxınlığı belə ifadə edir: “Həm M.F.Axundzadənin, həm də M.Ə.Sabirin üslubunda tənqid başlıca yer tuturdu: onlar ictimai qüsurları amansızcasına ifşa edirdilər. Axundzadə də, Sabir də mənəvi eybəcərliyin, əxlaqi şikəstliyin, ictimai xəstəliklərin səbəbini mövcud ictimai quruluşda görürdülər”.
M.Ə.Sabirin “Molla Nəsrəddin” jurnalında ilk dəfə çıxan şeiri haqqında müxtəlif fikirlər söylənilir. Bu məsələ ilə bağlı C.Məmmədquluzadə haqqında nəşr olunan məqalələr toplusunda geniş məlumat verilib.
Müəllif “Molla Nəsrəddin” və M.Ə.Sabir haqqında danışmağa başlayanda yazır: “Molla Nəsrəddin” və M.Ə.Sabir. Bir qədər qəribə səslənir: məgər “Molla Nəsrəddin”lə M.Ə.Sabiri ayrılıqda təsəvvür etmək mümkündür”?!
“Molla Nəsrəddin”in yaradıcısı Cəlil Məmmədquluzadə və onun dostu Mirzə Ələkbər Sabir bu ədəbi məktəbin iki ən böyük feilidir. “Molla Nəsrəddin”i yığcamlaşdırıb şərti olaraq bir cümlə şəklində təsəvvür etsək, bu isim və bu feil onun baş üzvləridir”.
M.Ə.Sabir ilk şeiri “Molla Nəsrəddin”də dərc olunandan başlayaraq sona qədər jurnalla əməkdaşlıq etmiş, digər qəzet və jurnallarda çap olunmaqla yanaşı, ömrünün sonuna qədər dost olduğu C.Məmmədquluzadə ilə əlaqəsini kəsməmişdir. Şamaxıda jurnalın ilk nömrəsini alıb oxuyan Sabir sanki yeni bir aləmlə qarşılaşır. Jurnalın “Sizi deyib gəlmişəm” sərlövhəli məqaləsi ilə tanış olub “Gər qeyriləri cəmdəyinə vursala, dinmə” misrası ilə başlanan şeiri oxuyandan sonra sanki yeni bir aləmə düşür. “Molla Nəsrəddin”in köməyinə çatmağa çalışır. Jurnalın tutduğu yolu, qarşısına qoyduğu məqsədi və üslubunu nəzərə alıb. “Millət necə tarac olur, olsun, nə işim var?!” şeirini yazıb redaksiyaya çatdırır. Bu andan da başlayaraq Sabirin jurnalla sıx əlaqələri başlayır.
Sabirin jurnalla əlaqəsinin yaranmasına işarə edən Tofiq Hacıyev yazır: “Beləliklə də, “Molla Nəsrəddin” nadir istedad sahibi olan öz Sabirini tapmışdı. Həm də gözlədiyindən də tez, gözlədiyindən də yaxşı”.
Müəllif “Molla Nəsrəddin”də nəşr olunan Sabir şeirlərinin adi şeirlər olmadığını söyləyir və qeyd edir ki, “Sabirin məqsədi bu sözlərlə döymək, zərbə vurmaqdır. Bunun üçün də onun satiralarında heç bir söz orta çəkidə çıxış etmir; onda hər söz öz ağırlığının ən yüksək dərəcəsindədir. Sabir şeiri üçün sözü maksimum ağırlığı səciyyəvidir.”
Kitabda əvvəldən axıra qədər Sabir yaradıcılığının qidalandığı mənbələr, lap sonra isə Sabir yaradıcılığından qidalanan C.Cabbarlının böyük satirikə olan məhəbbət və vurğunluğundan ola söhbət açılır.
Konkret faktlarla qeyd olunur ki, Sabir özündən əvvəl yaşayıb-yaratmış Füzuli, Axundzadə, “Molla Nəsrəddin”dən necə qidalanmışdırsa, C.Cabbarlı da Sabir yaradıcılığından o dərəcədə qidalanıb. Sabir yaradıcılığının C.Cabbarlıya təsiri C.Cabbarlı əsərlərində Sabir tiplərinin izləri ayrıca bir tədqiqat əsərinin mövzusudur. Biz ona görə də bu məsələdən geniş şəkildə danışmadıq və yazmadıq.
Akademik Tofiq Hacıyev bu kitabda təkcə satiraya, bu janrda yazan görkəmli sənətkarlara deyil, eyni zamanda, bu kitabda diqqət mərkəzinə gətirilən məsələlərin hərtərəfli tədqiqata ehtiyacı olan məsələlər olduğunu göstərib.
Bu kitabda akademik dörd elmi iş mövzusunun, o cümlədən “Sabir və Füzuli”, “Sabir və Axundov”, “Sabir və C.Məmmədquluzadə” və nəhayət, “C.Cabbarlı və Sabir” mövzularının işlənməsi vacibliyini diqqətə çatdırıb, bu məsələlərin həllini özündən sonra gələn elm adamlarının öhdəsinə buraxıb.
“Son söz yerinə” başlıqlı bölmədə akademik Tofiq Hacıyev Sabir haqqında olan fikirlərinə sanki yekun vuraraq yazır: “Poeziyamızın tarixində, nəhayət, Füzuli “tilsimi” tamam qırıldı. Onu Sabir dağıtdı. Lakin o özü poeziyada yeni bir tilsim yaratdı, Sabir tilsimi!”
Akademik Tofiq Hacıyevin əsərlərində bu və bu kimi, cəsarətli, yeni, yalnız onun özünə məxsus olan dərin siqlətli fikirlər, əbədi-bədii müzakirələr çoxdur. Yəqin ki, gələcək nəsillər Tofiq müəllimin zəngin irsindən həmişə bəhrələnəcəklər...

Tehsil-press.az



Oxşar xəbərlər