“Azərbaycan” qəzetinin fəaliyyətini bərpa etməsinin 30 illiyi qeyd edildi

“Azərbaycan” qəzetinin fəaliyyətini bərpa etməsinin 30 illiyi qeyd edildi “Azərbaycan” qəzetin redaksiya heyətinin 7 üzvü sonralar Müstəqillik Aktına imza atanların sırasında yer aldı”.
Bu fikirləri Xalq şairi, 1989-cu ilin oktyabrın 6-da nəşrə başlayan “Azərbaycan” qəzetinin ilk baş redaktoru Sabir Rüstəmxanlı adıçəkilən nəşrin 30 illik yubileyinə həsr olunan mərasimdəki çıxışında səsləndirib.
“Azərbaycan” qəzetin yaranmasından bəhs edən Sabir Rüstəmxanlı ölkə mətbuatının inkişaf mərhələlərini sıralayıb:
“2020-ci ildə Azərbaycan mətbuatının yaranmasının 145-ci ildönümü qeyd olunacaq. Bu, o qədər uzun tarix olmasa da, mətbuatımız geridə qalan müddət ərzində çox böyük inkişaf yolu keçib.
Mən Azərbaycan mətbuatını dörd mərhələyə bölərdim. Birinci mərhələ “Əkinçi” qəzeti ilə bağlıdır ki, bu dövrdə Həsən bəy Zərdabi milli mətbuatın yolunu müəyyənləşdirib. İkinci mərhələ “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının çıxdığı mərhələdir. Üçüncü mərhələ 1918-ci ildə Üzeyir Hacıbəylinin rəhbərliyi ilə nəşr olunan “Azərbaycan” qəzeti dövrü idi.
Qəzet əvvəl Gəncədə fəaliyyətə başladı, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Bakıya keçiriləndən sonra qəzetin redaksiyası da Bakıya yerləşdi. AXC süquta uğrayanda, qəzet də bağlandı. Bundan sonra “Azərbaycan” qəzeti öz nəşrini Cənubi Azərbaycanda davam etdirdi. Dördüncü mərhələ isə “Azərbaycan” qəzetinin nəşrinin bərpa edildiyi dövrdür”.
“Azərbaycan” qəzetinin yenidən bərpa olunması tarixinə toxunan Rüstəmxanlı qeyd edib ki, əvvəllər qəzetin tirajı 100 min nüsxə idisə, az müddətdən sonra 500 minə qalxdı:
“Biz o dövrdə İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov və başqalarının dəstəyi ilə Qarabağ Xalq Yardımı Komitəsini yaratdıq. Mən də Komitənin orqanı kimi nəşrə başlayan “Azərbaycan” qəzetinin baş redaktoru oldum. Qəzetin ilk nömrəsi oktyabrın 5-dən 6-a keçən gecə çıxdı və bütün ölkədə böyük marağa səbəb oldu”.

Tehsil-press.az

Oxşar xəbərlər