Alınmış yeni təsvirlər Betelqeyz ulduzunun sirlərini açdı

Alınmış yeni təsvirlər Betelqeyz ulduzunun sirlərini açdı Orion bürcünün parlaq-çəhrayı ulduzu olan Betelqeyzin (Alfa Ori) yeni fotoşəkilləri, 2019-cu ildəki “Böyük qaralma”nın səbəbini aydınlaşdırıb.
Bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından (ŞAR) məlumat verilib. Bildirilib ki, bir qrup beynəlxalq alim, 2020-ci ilin yanvar və mart aylarında Betelqeyzin səthinin iki şəklini çəkərək, daha sonra həmin şəkilləri 2019-cu ilin yanvar və dekabr aylarında çəkilənlərlə müqayisə ediblər. Bu isə real vaxt rejimində ulduzdakı dəyişiklikləri görməyə və kəskin qaralmanın ulduz tozunun əmələ gəlməsindən qaynaqlandığını təyin etməyə imkan verib.
Əslində, bunun səbəbi massiv ulduz tərəfindən atılmış böyük qaz kütləsinin soyuyaraq toz buluduna çevrilməsi və müvəqqəti olaraq ulduzun qarşısını kəsməsi olub ki, bununla da Betelqeyzin “böyük qaralma”sının səbəbi izah edilir.
Betelqeyzin qaralması xəbərləri ilk dəfə 2019-cu ilin dekabrında, astronomların ulduzun qeyri-müntəzəm qaralma anlarını müşahidə etmələrindən iki ay sonra yayılıb.
İlkin olaraq belə hesab edilirdi ki, qaralma Betelqeyzin İfratyeniyə (supernova) çevrilməsinin başlanğıcıdır. Belə bir hadisə ümumiyyətlə hər hansı bir ulduz “öldükdə” baş verir. Ulduzun nüvə yanacağı tükənərkən ulduz öz tarazlığını itirir, onun kütləsi ağırlıq qüvvəsinin təsiri altında nüvəsinə axır. Bu hadisə qısa zamanda baş verir və böyük enerjinin ayrılması ilə nəticələnir ki, bu da kosmosda ən parlaq alışma kimi müşahidə olunur.
Orion bürcündə ikinci parlaq ulduz olan Betelqeyz Yerdən 700 işıq ili məsafədə yerləşir. Əgər Betelqeyz ifratyeniyə çevrilsəydi, Yer sakinləri səmada bədirlənmiş Ay ölçüsündə olan parlaq bir ləkə görə bilərdilər. Ancaq bu baş vermədi və yaxın zamanlarda da olmayacaq. Qeyd edək ki, Betelqeyz ulduzu 2020-ci ilin aprelində öz normal parlaqlığına qayıdıb.

Tehsil-press.az


Oxşar xəbərlər