Bətəlqeyzə ulduzunun yeni fotoları astronomları araşdırmalara sövq edib

Bətəlqeyzə ulduzunun yeni fotoları astronomları araşdırmalara sövq edib Avropa astronomları ötən ilin sonunda parlaqlığı 63 faizə düşmüş Bətəlqeyzə ulduzunun yeni fotoşəkillərini əldə ediblər. Avropa Cənub Rəsədxanasının mətbuat xidmətinin yaydığı məlumata görə, həmin fotoşəkillərin öyrənilməsi alimləri bu ulduzun tezliklə məhv olması barədə fikrə şübhə ilə yanaşmağa sövq edib.
Belçikanın Löven Katolik Universitetinin astronomu Migel Montarqesin sözlərinə görə, ulduzun parlaqlığının azalmasını və formasının dəyişməsini iki cür izah etmək olar. Bu, bir tərəfdən Bətəlqeyzənin təkində baş verən qeyri-adi dərəcədə güclü partlayış nəticəsində onun səthinin soyuması, digər tərəfdən ulduzun işığının Yerə gəlib çatmasına mane olan böyük miqdarda tozun atılması ilə bağlı ola bilər.
Bətəlqeyzə Orion bürcündə yerləşən ən böyük və parlaq ulduzlardan biridir. Həm Yerdən yaxın məsafədə olduğuna, həm də ölçüsünə görə onu adi gözlə görmək mümkündür. Əgər Bətəlqeyzə Günəş sisteminin mərkəzində yerləşsəydi, onun səthi tamamilə Merkuri, Venera, Yer, Mars və ehtimal ki, Yupiterin orbitlərini örtən asteroid kəməri boyunca uzanacaqdı.
Astronomların fikrincə, Bətəlqeyzə təkamülün son mərhələsində, qırmızı ifratnəhəng durumundadır. Alimlər hidrogen ehtiyatı tamamilə tükənmiş, kəskin surətdə genişlənmiş və zahiri qabığındakı maddələri kosmik məkana atan ulduzları belə adlandırırlar. Bu proses böyük miqdarda tozun, qaz və toz dumanlıqlarının meydana gəlməsi ilə nəticələnir.
Bətəlqeyzənin parlaqlığındakı bir sıra xüsusiyyətlər ulduzun yaxın bir neçə min il ərzində ömrünü başa vuracağına dəlalət edir. O, Yer kürəsindən hətta gündüz müşahidə oluna biləcək ifrat yeni ulduza çevrilə bilər. Bu da ölməkdə olan kosmik nəhəngin taleyinə həm astronomlarda, həm də sadə insanlarda maraq doğurur.
Ötən ilin dekabrında alimlər Bətəlqeyzə ulduzunda sürətli tutqunlaşma müşahidə ediblər. Bu ilin yanvar ayında onun parlaqlığı 63 faizə düşüb ki, bu da müşahidələrin son 25 ili ərzində rekord göstəricidir. Ulduzun işığının tutqunlaşması astronomların marağını daha da artırdı və onlar müşahidəni ardıcıl aparmağa başladılar. VLT teleskopunun çəkdiyi fotolar isə astronomları düşünməyə sövq etdi. Çünki həmin fotolarda astronomlar ulduz tərəfindən təxminən Yerin və Günəşin yerləşdiyi istiqamətdə buraxılmış olan nəhəng toz buludunun izini gördülər. Digər tərəfdən, alimlər istisna etmirlər ki, fotoşəklin aşağı hissəsindəki tünd ləkə əslində ulduzun radikal şəkildə dəyişdiyini göstərir. Bunun səbəbi ulduzun təkində görünməmiş dərəcədə güclü maqnit fəallığı ilə bağlı ola bilər. Astronomların fikrincə yeni fotoşəkillər hansı nəzəriyyənin həqiqətə yaxın olacağını anlamağa kömək edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər