UNEC-də modul sisteminin ilkin nəticələri

UNEC-də modul sisteminin ilkin nəticələri Başa çatmaq üzrə olan tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) edilmiş dəyişikliklərdən biri tədrisin modul əsasında təşkilinə keçid olub. Hazırda bu yeniliyin təsirləri təhlil edilir. Bu məqsədlə müəllimlər və tələbələr arasında modul sisteminin tətbiqi ilə bağlı sorğu keçirilib. Sorğuda 409 müəllim, 2721 tələbə iştirak edib.
Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov rəsmi feysbuk səhifəsində paylaşım edib.
Rektor 2020/2021-ci tədris ilində UNEC-də tətbiq olunan modul sistemi ilə bağlı müəllim və tələbələr arasında keçirilən sorğunun nəticələrini açıqlayıb.
“Sorğuda iştirak edən müəllimlərin 47,1 faizi modul sisteminə keçidi dəstəkləyib, 43,1 faizi isə məqsədəuyğun hesab etməyib. Eləcə də müəllimlərin 42,3 faizi modul sisteminin perspektivinin cəlbedici olduğunu, 40,7 faizi isə əksini bildirib. 38 faiz müəllim modul sisteminin yorucu, 27 faizi çox rahat olduğunu göstərib, bütövlükdə, müəllimlərin 87 faizi modul sistemi əsasında tədrisi bacardıqlarını vurğulayıb. Modul sisteminin əsas çatışmazlığı kimi müəllimlərin 44 faizi dərs yükünün bölünməsində disbalansı, 30 faizi isə tədris materiallarının tələbələr tərəfindən zəif mənimsənilməsini bildirib.
Tələbələrin isə 61,2 faizi modul sistemindən razı, 38,8 faizi isə narazı qaldığını, 64 faizi modullarda fənlərin ardıcıllığından məmnun olduğunu, 34,3 faizi məmnun olmadığını göstərib. Modul sisteminin əsas üstünlüyü kimi 66,2 faiz tələbə hər modulda fənlərin sayının az olmasını, əsas çatışmazlığı kimi 70 faizi imtahanlara hazırlaşmaq üçün az vaxtın olmasını, 12,6 faizi isə mühazirə mətnlərinin həcminin böyük olmasını qeyd edib.
Təhlillər davam edir. Təhlillərin nəticələrinə uyğun olaraq modul sisteminin zəif tərəfləri aradan qaldırılmaqla təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atılacaq”.

Tehsil-press.az


Oxşar xəbərlər