Elmi seminar: Mental uçot və beyinin maliyyə səhvləri

Elmi seminar: Mental uçot və beyinin maliyyə səhvləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Mental uçot və beyinin maliyyə səhvləri” mövzusunda onlayn seminar keçirilib.
UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin və UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən seminarda Belarus Dövlət Universitetinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, “Kemex İnternational” LLC-nin və digər qurumların əməkdaşları və fərdi sahibkarlar iştirak ediblər.
UNEC Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəri dosent Mənsur Bərxudarov qeyd olunan mövzunun aktuallığından danışıb, onun həm nəzəri, həm də praktiki mənasının iqtisadi qərarların qəbul olunması prosesi baxımından vacibliyini diqqətə çatdırıb.
Sonra İsrailin Azrieli Akademik Mühəndislik Kollecinin professoru Pini Davidov “Mental uçot və beynin maliyyə səhvləri” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi mental uçotun əsaslarından bəhs edib və onun elementlərinin müasir dövrdə müxtəlif sahələrdə hansı perspektivlər qazandırdığını auditoriyanın diqqətinə çatdırıb. Eləcə də maliyyə qərarlarında irrasionallıq probleminə toxunub, qeyd edilmiş amillərin dünya iqtisadiyyatına təsir dərəcəsinin müəyyənləşdirilməsinin və bu istiqamətdə tədqiqatlar aparılmasının aktuallığını önə çəkərək, bu araşdırmaların iqtisadiyyatın inkişafına yeni impuls verəcəyini vurğulayıb.
Seminarda məruzə ətrafında diskussiya aparılıb və suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər