Bakı Dövlət Universiteti və KOBİA arasında anlaşma memorandumu imzalanıb

Bakı Dövlət Universiteti və KOBİA arasında anlaşma memorandumu imzalanıb Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Bakı Dövlət Universiteti (BDU) arasında işgüzar görüş keçirilib.
Görüşdə iki müəssisə arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Tədbirdə çıxış edən rektor Elçin Babayev Azərbaycanın regionda iqtisadi, siyasi, hərbi baxımdan ən güclü dövlət olduğunu vurğulayıb və ölkəmizdə həyata keçirilən quruculuq işləri barədə məlumat verib. Rektor beynəlxalq aləmdə də ölkəmizin nüfuzunun günbəgün çoxaldığını, Azərbaycanın imicinə zərbə vurmaq istəyən düşmən qüvvələrin səylərinə baxmayaraq, ölkəmizin beynəlxalq institut və təşkilatların reytinq cədvəllərində yüksək pillələrdə yer aldığını qeyd edib. Bundan əlavə rektor Elçin Babayev ölkəmizdə kiçik və orta sahibkarlığın dövlətin diqqət mərkəzində olduğunu, KOB-lara ümumilikdə və pandemiya dövründə göstərilən dövlət dəstək tədbirləri, bu sahədə KOBİA-nın gördüyü işlər haqqında danışıb.
Daha sonra KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin formalaşması və fəaliyyəti, KOB-lara göstərilən dəstək mexanizmləri, onun bugünkü vəziyyəti, yenilikləri ilə bağlı iştirakçılara məlumat verib. Birgə layihə və proqramlardan bəhs edib, əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb. O.Məmmədov əlavə edib ki, biznesin müasir tələblər səviyyəsində təşkil edilməsi və rəqabət qabiliyyətinin artırılması məqsədilə elmi yeniliklərin biznesə inteqrasiyası önəmlidir. Dünyada olduğu kimi ölkəmizdə də müasir bizneslərin yaradılmasında yüksək təhsilli, innovativ düşüncə tərzinə malik və daim yeniliklər axtarışında olan gənclər aparıcı qüvvə hesab olunur.
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin professoru Sərvər Abbasov, II kurs tələbəsi Zümrüd Həmidova kiçik və orta sahibkarlığın mövcud vəziyyəti, ölkədə məşğulluğun təmin edilməsi, qeyri-neft ixracının artırılması, biznes mühitinin inkişafı kimi strateji məsələlərdə sahibkarların rolunun yüksəldilməsi, cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılması haqqında məlumat veriblər.
Memorandumun şərtlərinə əsasən, elm ilə özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsinə, bu xüsusda birgə proqramların təşkilinə, tələbələr arasında biznes ideyalarının formalaşdırılmasına, innovativ təşəbbüslərin reallaşdırılmasına, ixtiraçıların fəallığının artırılmasına dəstək, universitetin elmi potensialından istifadə etməklə sahibkarlığın inkişafı üçün tələb olunan araşdırma, statistika və təhlillərin aparılması istiqamətində əməkdaşlığın qurulması, kiçik və orta biznes subyektlərinin maarifləndirilməsinə və digər oxşar məsələlərlə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi nəzərdə tutulub. Həmçinin BDU-nun tədris-innovasiya infrastrukturundan KOB subyektlərinin faydalanması, özəl sektor ilə universitet arasında əlaqələrin gücləndirilməsi üçün əməkdaşlıq platformalarının inkişaf etdirilməsi, əməkdaşlıq çərçivəsində gənclər arasında innovativ sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə “Biznes İnkubasiya Mərkəzi”nin təşkil edilməsi, startaplar və biznes inkubatorlar üzrə ideya və biliklərin, o cümlədən “nəzəriyyədən biznesə” prinsipinin reallaşmasına dəstəyin göstərilməsi, biznes potensialının inkişafı üçün tələb olunan araşdırma, statistika və təhlillərin universitetin təsisatları ilə əməkdaşlıq əsasında həyata keçirilməsi üçün tədbirlər görüləcək.
Sənəddə beynəlxalq təşkilatlar və fondlardan birdəfəlik qrant formasında vəsait cəlb etmək, qrant layihələrində iştirak etmək və qanunla qadağan edilməyən digər maliyyə resurslarının cəlb olunması istiqamətində birgə fəaliyyət göstərmək, müvafiq dövlət və özəl maliyyə institutlarına birgə təkliflər vermək və qarşılıqlı şəkildə razılaşdırılmış digər fəaliyyətlər də nəzərdə tutulur.
Memorandumu BDU-nun rektoru Elçin Babayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıb.

Tehsil-press.az


Oxşar xəbərlər