Bakı Dövlət Universiteti Kyunqvoon Universiteti ilə əməkdaşlığa başlayıb

Bakı Dövlət Universiteti Kyunqvoon Universiteti ilə əməkdaşlığa başlayıb Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və dünya universitetləri ilə əlaqələrin genişləndirilməsi strategiyasına uyğun olaraq, Bakı Dövlət Universiteti (BDU) Koreya Respublikasının Kyunqvoon Universiteti ilə akademik əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb.
Sənədi Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Kyunqvoon Universitetinin prezidenti Han Sunq Vok imzalayıb. Memorandum təhsil və tədqiqat sahəsində hər iki ali təhsil ocağı arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır. Memoranduma əsasən, hər iki universitet arasında müəllim-tələbə mübadiləsi, layihə və proqramların işlənib hazırlanması, birgə elmi-tədqiqatların aparılması, müasir tələblərə cavab verən tədris proqramlarının hazırlanması, beynəlxalq konfransların keçirilməsi və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulur.
Qeyd edək ki, Kyunqvoon Universiteti ilə əməkdaşlıq çərçivəsində 2018-ci ildən etibarən BDU-nun nəzdində Koreya mədəniyyətinin və Koreya dilinin xarici və ya ikinci dil kimi yayılması məqsədilə Bakı King Sejong İnstitutu fəaliyyət göstərir.

Tehsil-press.az

Oxşar xəbərlər