BDU Türkiyənin Kafkas Universiteti ilə əməkdaşlığa başlayıb

BDU Türkiyənin Kafkas Universiteti ilə əməkdaşlığa başlayıb Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Kafkas Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanması məqsədilə onlayn görüş keçirilib.
Görüşdə universitetlər arasında yeni əlaqələrin qurulması, hər iki ali təhsil müəssisəsinin inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, iki qardaş ölkə arasında tarixi bağlılıq özünü qarşılıqlı münasibətlərin hər bir sahəsində göstərir. Hazırda ikitərəfli sahələr sırasında ən vacib amillərdən biri təhsildir. İkitərəfli təcrübə mübadiləsi ilə bu sahə yüksək dinamika ilə inkişaf etməkdədir. Əminik ki, gələcəkdə bu münasibətlər daha da inkişaf edəcək. Bunun nəticəsidir ki, bu gün Kafkas Universiteti ilə əməkdaşlığı təmin edəcək anlaşma imzalanacaq.
E.Babayev vurğulayıb ki, hər iki universitetdə mövcud olan iqtisadiyyat, idarəetmə və filologiya sahələri qarşılıqlı əməkdaşlığın mümkün sahələri kimi nəzərə alına bilər.
Kafkas Universitetinin rektoru, professor Hüsnü Kapu artıq 20 ildir ki, Bakı Dövlət Universiteti və Kafkas Universiteti arasında müxtəlif səviyyələrdə əlaqələrin mövcudluğu, universitetlər arasında olan bu əlaqələri daha da genişləndirmək və qarşılıqlı təcrübə mübadiləsinin aparılması barədə fikirlərini bölüşüb.
Görüş zamanı Bakı Dövlət Universiteti ilə Kafkas Universiteti arasında professor-müəllim heyəti və tələbə mübadiləsinin aparılması, birgə simpoziumların, seminarların və konfransların təşkili, tədqiqat layihələrində əməkdaşlıq, kurslar və tədris planları istiqamətində birgə fəaliyyətin təşkili barədə qərar qəbul edilib.
Sonda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Görüşdə BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Tədrisin təşkili və idarə olunması mərkəzinin direktoru Elçin Məmmədov, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Kafkas Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Engin Kılıç, Xarici əlaqələr şöbəsinin müdiri Hacalı Necefoğlu, universitetin baş katibi Zülfikar Gürboga iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər