Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb

Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb Aprelin 17-də Sumqayıt şəhərində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb.
Bununla bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının və sahibkarların iştirakı ilə keçirilmiş tədbirdə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov “KOB Dostu” konsepsiyası, kiçik və orta sahibkarlara göstərilən xidmətlər barədə məlumat verib. Vurğulanıb ki, Agentlik tərəfindən hazırda yaradılmaqda olan “KOB Dostu” şəbəkəsi Azərbaycan Respublikası Prezidentinin “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” strateji xəttinə uyğun olaraq, dövlət-sahibkar əməkdaşlıq platforması çərçivəsində reallaşdırılan mühüm layihələrdəndir. Hazırda ölkənin 11 rayon və şəhərində 14 “KOB Dostu” fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən mexanizmdir. Sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət edən Agentlik sədri 2019-cu il ərzində ölkənin digər şəhər və rayonlarında fəaliyyətə başlayacaq KOB dostları, eləcə də Agentliyin digər dəstək mexanizmləri barədə də danışıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov özəl bölmənin inkişafı istiqamətində Sumqayıtda həyata keçirilən tədbirləri diqqətə çatdırıb, digər dövlət dəstəyi mexanizmləri kimi, “KOB Dostu”nun da sahibkarlıq fəaliyyətinin genişlənməsində və biznesə yeni başlayanlar üçün əhəmiyyətli olacağını vurğulayıb.
Tədbir çərçivəsində “KOB Dostu” ilə bağlı təqdimat keçirilib, fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə məlumat verilib, sahibkarların sualları cavablandırılıb.
Sonra tədbir iştirakçıları Sumqayıtda Heydər Əliyev Mərkəzində yerləşən “KOB Dostu”nun ofisi ilə tanış olublar. Burada sahibkarlara Agentliyin çoxsaylı xidmətlərinin göstərilməsi üçün hər cür şərait yaradılıb, ofis lazımi avadanlıqlar və maarifləndirici materiallarla təchiz edilib. “KOB Dostu” ilə birgə ofisdə KOB könüllüləri də fəaliyyət göstərəcəkdir.
Tədbirdə çıxış edən sahibkarlar özəl bölmənin, xüsusilə kiçik və orta biznesin inkişafına göstərilən davamlı dəstəyə görə dövlət başçısına minnətdarlıq ediblər.
Qeyd: İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. Ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləmək, KOB-ların fəaliyyətinin tənzimlənməsində iştirak etmək, KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaq, dövlət və özəl qurumlarının bu sahədə fəaliyyətini əlaqələndirmək Agentliyin başlıca fəaliyyət istiqamətləridir.

Tehsil-press.az



Oxşar xəbərlər