Azərbaycan dili – xalqın milli sərvəti

Azərbaycan dili – xalqın milli sərvəti AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda dilimizin saflığının qorunması, ədəbi dil normalarının pozulması faktlarının qarşısının alınması sahəsində məqsədyönlü işlər yerinə yetirilir. Son illərdə Dilçilik İnstitutunda “Azərbaycan dilinin yeni sözlər və mənalar lüğəti”, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşr olunub. “Azərbaycan dilinin orfoepiya normaları” hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Bununla yanaşı, “Azərbaycan dilinin orfoepiya lüğəti” və “Qarabağ dialektoloji atlası” üzərində iş gedir.
Bunu Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü deyib. O bildirib ki, Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddə daxil edilib. Sovet İttifaqında bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi. Ulu Öndər Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı. Azərbaycan dili ilə bağlı vacib addımlardan biri də Ulu Öndər Heydər Əliyevin 2002-ci il sentyabrın 30-da imzaladığı “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunudur. Müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən bu qanunda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımi şəraitin yaradılması və digər bu kimi məsələlər nəzərdə tutulub.
Alim qeyd edib ki, Azərbaycan dövləti bu gün dilimizin cəmiyyətdə rolunun daha da möhkəmlənməsini təmin edir. Dövlət müstəqilliyimizin başlıca rəmzlərindən olan Azərbaycan dilinə qayğı Prezident İlham Əliyevin imzaladığı bir sıra sərəncamlarda öz ifadəsini tapıb. Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından böyük əhəmiyyət daşıyır.
“Dil, sadəcə, ünsiyyət vasitəsi deyil, eyni zamanda, ədəbiyyatdır, tarixdir, millətin taleyidir. Hər bir şəxs dünya mədəniyyətinə dil vasitəsilə bələd olur. Dil insanları bir-birinə bağlayır. Azərbaycan dili hər bir şəxsdə Vətən anlayışını formalaşdırır. Bu dil Azərbaycanı bu ölkədə yaşayan hər bir vətəndaşın Vətəninə çevirir. Dilimizin nüfuzunu daha da artırmaq üçün düzgün danışmağı və yazmağı bacarmalıyıq”, - deyə T.Şükürlü fikrini yekunlaşdırıb.

Tehsil-press.az


Oxşar xəbərlər