Ulu Öndər Azərbaycan dilinə xalqımızın mənəvi sərvəti kimi yanaşırdı

Ulu Öndər Azərbaycan dilinə xalqımızın mənəvi sərvəti kimi yanaşırdı Ümummilli lider Heydər Əliyevin zəngin siyasi fəaliyyətində dil məsələsi mühüm yer tutur. Ulu Öndər Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı. Hələ 1970-ci illərdən başlayaraq Ulu Öndər ana dilimizin qayğısına qalıb, Azərbaycan dilinin inkişafı üçün öz səyini əsirgəməyib. Ana dilinə böyük məhəbbət, onun incəliklərini dərindən bilmək, sadə, səmimi cümlələrlə insanlarda möhkəm nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyevin nitq və çıxışlarının əsas xüsusiyyətlərindən idi.
Bu fikirləri Tehsil-press.az-a müsahibəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü bildirib.
O qeyd edib ki, Azərbaycan Dövlət Universitetinin 50 illik yubiley tədbirində Heydər Əliyev mövcud qayda-qanunları sındıraraq rus dilində deyil, doğma ana dilində çıxış edib. Respublikanın birinci şəxsi bu cəsarətli addımı ilə həm ziyalılarımızın böyük rəğbətini qazanıb, həm də onlara mənəvi dəstək verib.
Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda qeyd edilib. Həmin illərdən başlayaraq Nəsiminin dilinə aid xeyli sayda tədqiqat işi aparılıb. Məhz o vaxtdan etibarən Nəsimi yaradıcılığı Azərbaycan və dünya mədəniyyəti miqyasında bir daha tanıdılıb. Ulu Öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddə daxil edilib. Totalitar rejimin hökm sürdüyü Sovet İttifaqında bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi.
Ulu Öndərin ölkəyə ikinci dəfə rəhbərliyə gəlişi zamanı müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı. Bu tarixi hadisədən başlayaraq Azərbaycan Respublikasında dil siyasəti birmənalı və yetkin şəkildə formalaşdı, ana dilinin dövlət dili kimi tətbiqi işi möhkəm və sabit qayda-qanunlar, əsaslı təməllər üzərində təkmilləşdi.
Gənc alim bildirib ki, Azərbaycan dilinin siyasi hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində atılan addımlardan biri də Ulu Öndərin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı oldu. Fərmanda həm dilimizin tarixi ilə bağlı bir sıra incə və həssas məqamlara aydınlıq gətirilir, həm də onun keçdiyi inkişaf yolları və mərhələlərinin yığcam təhlili verilir. Fərmanda, həmçinin müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin ölkədə geniş miqyasda tətbiq edilməsi və hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılması qeyd olunur və bu məqsədlə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi bir vəzifə olaraq qarşıya qoyulurdu. Ümummilli Liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanı Azərbaycan dilinə, onun inkişafına dövlət qayğısının ən bariz nümunəsidir. Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya - latın qrafıkalı Azərbaycan əlifbasına keçdi.
Azərbaycan dili ilə bağlı vacib addımlardan biri də Ulu Öndərin 2002-ci il sentyabrın 30-da imzaladığı “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunudur. Müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən bu qanunda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımı şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulub.
Bütün bunlar göstərir ki, xalqımızın böyük oğlu Heydər Əliyev hələ keçən əsrin 60-cı illərinin sonundan (1969) Azərbaycana rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərib. Ümumiyyətlə, Azərbaycan Respublikasında dil siyasətinin möhkəm əsaslar üzərində formalaşdırılması, Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır.

Tehsil-press.az



Oxşar xəbərlər