Ulu Öndərin dil siyasəti onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub

Ulu Öndərin dil siyasəti onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu dilimizin inkişafı, qorunması və təbliği istiqamətində ölkəmizdə həyata keçirilən dövlət proqramları və layihələrdən söz açıb. Akademik bildirib ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. Ulu Öndərin dil siyasəti onun dövlət quruculuğu siyasətinin üzvi tərkib hissəsi olub. Görkəmli dövlət xadimi ana dilinə - Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib.
Akademik qeyd edib ki, sovet hakimiyyəti illərində ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin Dövlət Mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği Ulu Öndərin cəsarəti və düşünülmüş siyasəti nəticəsində mümkün olub.
Sonra çıxış edən professorlar Sayalı Sadıqova, Roza Eyvazova, filologiya elmləri doktoru Sevinc Əliyeva, dosent Türkan Əskərova bildiriblər ki, Azərbaycan dilinin inkişafı, onun təbliği və yad təsirlərdən qorunması istiqamətində Heydər Əliyev siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edənlər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elmin, təhsilin, mədəniyyətin, gənclərin inkişafına göstərdiyi misilsiz xidmətlərindən söhbət açıblar.

Tehsil-press.az

Oxşar xəbərlər