DİN-dən Sevincin qətli ilə bağlı - Açıqlama

DİN-dən Sevincin qətli ilə bağlı - Açıqlama Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə paytaxtın Xəzər rayonunda həyat yoldaşı tərəfindən qətlə yetirilən qadının hüquqları ilə bağlı polisin hərəkətsizliyi, hər hansı qanunamüvafiq tədbir görülməməsi ilə əlaqədar yayılan iddialara münasibət bildirib.
DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələyə belə aydınlıq gətirib:
"Səsləndirilən iddialarla bağlı diqqətə çatdırıram ki, cari ilin mart ayının 26-da Xəzər rayonu Zirə qəsəbəsi, Südçülük-Tərəvəzçilik Sovxozunda yerləşən fərdi tikilidə yaşayan Füzuli Qarayevin yaşadığı evdə həyat yoldaşı Sevinc Məhərrəmova ilə aralarında yaranmış mübahisə nəticəsində sonuncuya ağacla bədən xəsarətləri yetirməsi faktı üzrə Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb, törədilmiş əməl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilərək cinayət işi ittiham aktı ilə Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmə baxışında tərəflər arasında barışığın olması nəzərə alınaraq mayın 17-də işə xitam verilib.
Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, polis tərəfindən qanunvericiliyə uyğun olaraq bütün zəruri istintaq hərəkətləri yerinə yetirilib. Həmin vaxt S.Məhərrəmovaya müvafiq qadın sığınacağına yerləşdirilməsi təklif olunub, lakin sonuncu bundan imtina edərək ailəsindən və övladlarından ayrılmaq istəmədiyini bildirib".

Tehsil-press.az



Oxşar xəbərlər