Mədəniyyət və İncəsənət Universitetinin kitabxanasına qəhrəmanlıq salnaməmiz haqqında yeni nəşr hədiyyə edilib

Mədəniyyət və İncəsənət Universitetinin kitabxanasına qəhrəmanlıq salnaməmiz haqqında yeni nəşr hədiyyə edilib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-İnformasiya Mərkəzinə 44 günlük Vətən müharibəsindən bəhs edən “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” yeni nəşr hədiyyə edilib.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən təqdim olunan kitab xalqımızın Qarabağın azadlığı uğrunda göstərdiyi qəhrəmanlıq salnaməsini əks etdirir. Azərbaycan tarixində, milli-mənəvi və mədəni irsinin qorunmasında, eləcə də ictimai-siyasi həyatında böyük əhəmiyyətə malik olan Şuşa şəhərinin düşmən işğalından azad edilməsinə həsr olunan kitab Azərbaycan, türk, ingilis və rus dillərində çapdan çıxıb.
Dəyərli mənbədə ilk növbədə Prezident İlham Əliyevin dövlətimiz və xalqımız üçün mühüm əhəmiyyət kəsb edən “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” 2021-ci il 7 may tarixli Sərəncamı və 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” oxucuların nəzərinə çatdırılır.
Müasir qəhrəmanlıq tariximizi əhatə edən “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı “Rəsmi xronika” və “Şuşa (müxtəsər tarix)” adlı bölmələrdən ibarətdir.
“Rəsmi xronika” bölməsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqına sevinc dolu müraciətləri və təbrikləri, Şuşaya səfərləri zamanı açıqlamaları və dünya ictimaiyyətinə mesajları, Şuşanın bərpası və tarixi görünüşünün qaytarılması istiqamətində görüləcək işlər barədə çoxsaylı məlumatlar öz əksini tapıb. Habelə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsi, tədbir çərçivəsində iştirakçılara təqdim olunmuş “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” musiqili kompozisiyası, Şuşa Bəyannaməsi haqqında Azərbaycan və Türkiyə prezidentlərinin mediaya birgə bəyanatları, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda Milli Məclisin xüsusi iclasında çıxışı və digər materiallar yer alıb.
Nəşrin “Şuşa (müxtəsər tarix)” bölməsində isə Şuşanın tarixi, Qarabağ xanlığının Çar Rusiyasına birləşməsini rəsmiləşdirmiş Kürəkçay müqaviləsinin mətni təqdim edilir və bu müqavilədən sonrakı Şuşa haqqında oxuculara geniş məlumat verilir. Həmçinin Azərbaycanda istiqlal uğrunda mübarizə və erməni işğalı (1988-1993-cü illər) və İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi haqqında qısa məlumatlar da bölmədə öz əksini tapıb.
ADMİU-da Azərbaycan tarixinin tədrisində professor-müəllim heyəti və tələbələr üçün mühüm mənbələrdən biri olacaq bu dəyərli kitab Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “1905.az kitabı” seriyasından növbəti nəşridir. Nəşrin ideya müəllifi və naşiri assosiasiyanın prezidenti Elxan Süleymanov, tərtibçisi və elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayevdir.

Tehsil-press.az



Oxşar xəbərlər