Bu gündən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır

Bu gündən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır Bu gündən avqustun 30-dək internet vasitəsilə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi aparılacaq.
Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.
İxtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılacaq və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.
DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə II və III ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər də nəşr edilib. Yaxın günlərdə I və IV ixtisas qrupları üzrə də müvafiq kitabçalar nəşr olunacaq. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb. “Abituriyent” jurnalının 4 saylı buraxılışında “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri, jurnalın xüsusi buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub.
“Siz, həmçinin Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərsiniz. “Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər”, - deyə Mərkəzdən bildirilib.
İxtisas seçimi əlaqədar məsləhət mərkəzləri bəzi rayon təhsil şöbələrində də fəaliyyət göstərəcək. Bununla bağlı əlavə məlumat veriləcək.
Bundan əlavə, növbəti həftə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadə tərəfindən Mərkəzin “Facebook” səhifələrində ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında canlı yayım ediləcək, abituriyentlərin sualları cavablandırılacaq.

Tehsil-press.az



Oxşar xəbərlər