ATU-nun Tədris Terapevtik Klinikası uşaqlar üçün insulin pompaları alıb

ATU-nun Tədris Terapevtik Klinikası uşaqlar üçün insulin pompaları alıb “Hazırda ölkəmizdə 135 uşaq pompa terapiya sayəsində müalicəsini davam etdirir”
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şəkərli diabet şöbəsi insulin pompaları alıb.
Şəkərli diabet şöbəsi öz işini müasir tələblər səviyyəsində qurur, diabet xəstəliyinin idarə edilməsi üzrə burada ən son texnoloji yeniliklər, eləcə də 2020-2021-ci illər üçün tövsiyələr tətbiq edilir.
Şöbənin müdiri Sevil Mustafayeva qeyd edir ki, bu istiqamətdə ən mühüm işlərdən biri də insulin pompalarının və davamlı şəkər monitorlarının istifadəsi ilə bağlıdır.
Onun sözlərinə görə, Tədris Terapevtik Klinikasının Şəkərli diabet şöbəsi öz hesabına 5 insulin pompası əldə edib. Bu vasitədən insulin ilə terapiya alanlar, eyni zamanda hamiləlikdə şəkərli diabeti olanlar istifadə edə bilər.
Pompa çox kiçik ölcüdədir, cibdə daşına bilər və o, mütəmadi olaraq insulini dəri altına ötürür. Bu cihaz tip-1 diabet xəstələri üçün - yəni uşaqlar üçün mükəmməl bir idarəetmə vasitəsidir. Çünki həmin cihaz gün ərzində vurulan 4-5 inyeksiyanı əvəz edir və bu prosesin uşaqlar üçün ağrısız keçməsinə imkan verir. Bu səbəbdən günün müxtəlif saatlarında fərqli insulin vahidləri ötürülə bilər. Pompada ultraqısa təsirli insulindən istifadə olunur, onun iynəsi 3 gündən bir dəyişdirilir.
Qeyd edək ki, Azərbaycanda 2014-cü ildən etibarən müəyyən mərhələlərlə Dövlət Proqramı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən uşaqlara insulin pompaları paylanılıb. Xəstə uşaqlara bu bahalı avadanlıq və onun dəyişilən dəstləri tamamilə dövlət hesabına təqdim edilir. Hazırda ölkəmizdə 135 uşaq pompa terapiya sayəsində müalicəsini davam etdirir.
ATU-nun əməkdaşı S.Mustafayeva Azərbaycanda insulin pompalarının tətbiqi ilə bağlı Qaynar xəttin rəhbəridir. O, həmçinin pompalarla bağlı Məlumatlandırma və servis xidmətinə başçılıq edir. Mütəxəssis bildirir ki, pompalar qoyulmazdan əvvəl valideynlərə və uşaqlara təlim aparılır, proses onlara izah olunur: “İnsulin pompasının əvəzolunmaz funksiyaları var: qan qlükozası və yeyilən karbohidratları pompa proqramına daxil etməklə xüsusi kalkulyatorla insulin dozasının pompa ilə hesablanması (bolyus kalkulyatoru), müəyyən vahidlərin təyin olunmuş vaxtda vurulması, ən kiçik vahidlərin (0,01V qədər) ötürülməsi pompanı şəkərli diabetin idarə olunmasında bir nömrəli vasitə edir”.
2019-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə ən müasir uzunmüddətli insulin - Tresiba (Deqludek) preparatı respublikadakı bütün şəkərli diabet tip-1 uşaqlara 1 il ərzində təqdim olunub. S.Mustafayeva bildirir ki, bu preparat 40-44 saatlıq effekt verən insulindir: “Həmin insulin Azərbaycan Diabet Cəmiyyətinin vasitəsilə 1 il ərzində bizim şöbədə paylanıldı. Biz özümüz respublikanın müxtəlif regionlarına gedərək, insulinin tətbiqi üzrə təlimlər təşkil etdik, dərmanları payladıq. Proses hətta pandemiya dönəmində də davam etdirildi”. Mütəxəssis həkim şəkərli diabet xəstələri və onların yaxınları üçün daim maarifləndirmənin aparılmasını əhəmiyyətli sayır.

Tehsil-press.az


Oxşar xəbərlər