Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 2,5 dəfə artıb

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 2,5 dəfə artıb Hazırda Azərbaycanda “Şəkərli diabet xəstəliyi üzrə” üçüncü Dövlət Proqramı uğurla icra olunur. Proqramların icra müddəti ərzində şəkərli diabetlə əlaqədar qeydiyyata götürülən xəstələrin sayı təxminən 2,5 dəfə artıb.
Bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov bu ilin yekunlarına həsr olunan kollegiya iclasında deyib.
Onun sözlərinə görə, 10 il öncə şəkərli diabet xəstələrinin sayı 108 min olubsa, 2019-cu ildə ölkədə 267 273 şəkərli diabet xəstəsi qeydiyyata alınıb, onlardan 1717 nəfəri 18 yaşadək olan uşaqlardır, 22 611 nəfər ilk dəfə qeydiyyata götürülənlərdir ki, onlardan 1617 nəfəri insulindən aslı olanlardır:
"Bu xəstələrin şəkərsalıcı dərman preparatları ilə təminatında mövcud olan gərginlik əsasən aradan qaldırılıb. Qeydiyyatda olan xəstələr 2019-cu il ərzində 160 117 ədəd qlukometr aparatı, 581 680 qutu striplə təmin edilib. Bütün uşaqlar insulin analoqları-şpris qələmlərlə və özünənəzarət vasitələri ilə təmin edilirlər".
G.Poladov əlavə edib ki, son 5 il ərzində Səhiyyə Nazirliyinin nəzdində “viruslu hepatitlərin diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya” fəaliyyət göstərir. Bu müddətdə Komissiyaya 10 803 nəfər müraciət edib, onlardan 7315-nə dövlət hesabına uzunmüddətli müalicə kursu təyin edilib. 2019-cu ildə nazirlik tərəfindən birbaşa virus əleyhinə təsir göstərən yeni nəsil dərman preparatları alınıb.
İl ərzində 126 mindən çox insandan qan nümunəsi götürülüb. Onların arasında 3393 talassemiya daşıyıcısı, 135 qazanılmış immun çatışmazlığı sindromu, 297 sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında talassemiyalı 55 cütlük aşkar edilib. Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb ki, nəticədə 19 sağlam, 31 daşıyıcı, 15 xəstə döl aşkarlanıb. Ümumilikdə, xəstəlik müəyyən edilən 15 halda hamiləliyin pozulması qadınlara məsləhət görülüb və həyata keçirilib.
G.Poladov bildirib ki, hazırda Azərbaycanda 1667 hemofiliyalı xəstə qeydiyyatdadır. Bu xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən yaranan əlilliyin və ölüm hallarının azaldılmasına nail olunub.

Tehsil-press.az

Oxşar xəbərlər