Kolleclərin boş qalan plan yerləri üzrə ixtisas seçəcək abituriyentlərin nəzərinə

Kolleclərin boş qalan plan yerləri üzrə ixtisas seçəcək abituriyentlərin nəzərinə Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) boş qalan plan yerlərinə qəbul elan edilir.
Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılır.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılır. Xoreoqrafiya sənəti (sahələr üzrə) ixtisasının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilər.
İxtisas seçimi sentyabrın 29-dan oktyabrın 3-ü saat 23:59-dək internet vasitəsilə aparılır. abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas3/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
Kolleclərin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub. Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar.
Jurnalın elektron versiyasını (PDF formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.

Tehsil-press.az


Oxşar xəbərlər