ADPU rəhbərliyi doktorant və dissertantlarla görüşüb

ADPU rəhbərliyi doktorant və dissertantlarla görüşüb Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov və prorektoru, professor Asəf Zamanov təhsil müəssisəsinin doktorant və dissertantları ilə görüş keçiriblər.
Görüşdə tədqiqat mövzuları, elmi rəhbərlərlə iş və sair məsələlər ətrafında müzakirələr aparılıb. Rektor tədqiqat şəraiti ilə tanış olub.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq məktublarına əsasən 2021-ci il üçün ADPU-da fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru proqramı üzrə dissertanturaya qəbulla bağlı “Azərbaycan” qəzetində elan dərc edilib, elektron qaydada sənəd qəbulu aparılıb. 2021-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 19, dissertanturaya 7, elmlər doktoru proqramı üzrə dissertanturaya isə 7 yer ayrılıb.
Planda nəzərdə tutulmuş ixtisaslar üzrə xarici dil imtahanlarını mərkəzləşdirilmiş qaydada Dövlət İmtahan Mərkəzində müvəffəqiyyətlə keçən 6 nəfər (fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 5 nəfər, dissertanturaya 1 nəfər) qeydiyyatdan keçib.
Sənədlər araşdırılıb, fəlsəfə doktoru proqramı üzrə doktoranturada 4 nəfər, dissertanturada 1 nəfər növbəti mərhələyə buraxılıb.
ADPU-nun rektoru professor Cəfər Cəfərovun müvafiq əmrlərinə əsasən yaradılmış müvafiq komissiyalar tərəfindən sentyabrda fəlsəfə və ixtisas fənlərindən qəbul imtahanları keçirilib və müsahibə aparılıb.
Müsahibə və imtahanların nəticələri əsasında fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 4 nəfər elmlər doktoru proqramı üzrə doktoranturaya isə 1 nəfər qəbul olunub.

Tehsil-press.az


Oxşar xəbərlər