BDU-da görkəmli şərqşünas-alim Aida İmanquliyevanın anadan olmasının 82-ci ildönümü qeyd edilib

BDU-da görkəmli şərqşünas-alim Aida İmanquliyevanın anadan olmasının 82-ci ildönümü qeyd edilib Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə böyük şərqşünas-alim, professor Aida İmanquliyevanın anadan olmasının 82-ci ildönümünə həsr edilən tədbir keçirilib.
Tədbirdə professor Elxan Əzizov görkəmli alim Aida İmanquliyevanın həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Bildirilib ki, 1962-ci ildə Şərqşünaslıq fakültəsinin ilk ərəbşünas məzunlarından olan Aida İmanquliyeva 1966-cı ildə Moskvada SSRİ EA Şərqşünaslıq İnstitutunda namizədlik dissertasiyasını müdafiə edib, həmin ildən Azərbaycan EA Şərqşünaslıq İnstitutunda işə başlayıb, ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, 1991-ci ildən ömrünün sonunadək direktor vəzifəsində çalışıb. 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, ilk azərbaycanlı qadın-ərəbşünas elmlər doktoru olan Aida xanım elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. O, uzun müddət BDU-nun Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs aparıb.
Aida İmanquliyevanın Şərq-Qərb ədəbi və mədəni əlaqələrini araşdıran ilk azərbaycanlı alim olduğunu vurğulayan E.Əzizov onun əsərlərinin əhəmiyyətindən danışıb.
Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov görkəmli alim Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq elmində mövqeyi, peşəkar ərəbşünas kadrların hazırlanmasındakı xidmətlərindən bəhs edərək, onun uzun illər Bakı Dövlət Universitetində səmərəli pedaqoji fəaliyyət göstərdiyini deyib.
Tədris işləri üzrə dekan müavini Tərlan Məlikov Aida xanımın elmi fəaliyyətinin dünya şərqşünasları üçün dəyərindən, apardığı tədqiqatların yeniliyi ilə seçilməsindən söz açıb.
Fakültənin tələbələri görkəmli alim Aida İmanquliyevanın şərqşünaslıq elminə verdiyi əvəzsiz töhfələrindən danışıblar.

Tehsil-press.az

Oxşar xəbərlər