Əməkdar müəllim: Hadrut azad olan günə qədər mən o yerlərin, o gözəlliklərin həsrətini çəkdim

Əməkdar müəllim: Hadrut azad olan günə qədər mən o yerlərin, o gözəlliklərin həsrətini çəkdim Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfəri, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü geniş əks-səda doğurub. Səfər iştirakçılarından biri - Əməkdar müəllim, Salakətin tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Gültəkin Ağayeva bununla bağlı təəssüratlarından danışdı.
Mən 1987-ci ildə Xankəndi Pedaqoji İnstitutunu bitirib Hadrut Təhsil Şöbəsinin göndərişi ilə Salakətin kənd məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olundum. Hadrutla ilk tanışlığım belə başladı. İlk müəllimliyim, eyni zamanda, ailə qurmağım da Hadrutla bağlı olub. 1991-ci ildə bizim kənd işğal olundu. Həmin vaxtdan Hadrut azad olan günə qədər mən o yerlərin, o gözəlliklərin həsrətini çəkdim. Həsrət çəkə-çəkə də illəri başa vurub yaşlandıq. Mənim qəlbimdə o yerlərə qayıdacağımıza böyük ümid var idi. Amma bəzən bu ümid, inam gözümün yuxusu kimi ərşə çəkilirdi. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində torpaqlarımız işğaldan azad olundu.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Hadrutun azad edilməsi xəbərini xalqa çatdıranda, inanın ki, sevincdən ürəyim partlayırdı. Hadrutun düşmən işğalından azad olunmasının ildönümündə Prezident İlham Əliyevin Xocavənd rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə mən də iştirak edirdim. Hadruta gəldim yenə. Hamımız çox sevinirdik. Mən öz çıxışımda Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə öz minnətdarlığımı bildirdim. Dedim ki, bu Zəfər Sizin möhtəşəmliyinizdir. Bu Zəfər Azərbaycan Ordusundan layiqli cavabını alan Ermənistanın “Dəmir yumruq” qarşısında nə qədər aciz olduğunu və ağır məğlubiyyəti qəbul etməsidir.
Rayon əhalisi ilə görüşdə Prezident Hadrut qəsəbəsinin işğalçılardan azad edilməsi tarixindən söz açdı. Hadrutun böyük strateji əhəmiyyət daşıdığını qeyd etdi. Hadrutun gələcəkdə mədəniyyət və turizm mərkəzinə çevriləcəyini, bunun üçün mükəmməl infrastruktura malik işlərin görüləcəyindən danışdı. Xocavəndin kəndlərində də, o cümlədən Tuğda yaşayış imkanlarının yaxşılaşdırılacağını, bunun üçün işlərin artıq başladığını qeyd etdi.
Başqa iştirakçılar kimi mən də bu tarixi görüşdə çıxış etdim. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən savaşında göstərdiyi şücaət sayəsində bölgələrimizin, kənd və qəsəbələrimizin işğaldan azad edilməsi, bu gün o torpaqlarda nəhəng quruculuq işlərinin aparılması haqqında danışdım və Prezidentə təşəkkürümü bildirdim. Allaha min dəfə şükür olsun ki, biz arzumuza çatdıq. Buna görə canını torpaq uğrunda fəda edən şəhidlərimiz qarşısında baş əyirəm. Allah onlara rəhmət eləsin. Eşq olsun ordumuza! Yaşasın Azərbaycan Prezidenti!

Tehsil-press.az

Oxşar xəbərlər