Dövlət-xalq-ordu birliyi sayəsində tarixi Qələbəyə nail olduq

Dövlət-xalq-ordu birliyi sayəsində tarixi Qələbəyə nail olduq Müasir, müstəqil Azərbaycanda dövlət quruculuğunun, dirçəlişin, sosial-siyasi həyatda tərəqqinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi faktdır. Ulu Öndərin bütün sahələrdə siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidentinin müdrik və uzaqgörən daxili və xarici siyasəti, qətiyyətli addımları sayəsində 2020-ci il isə xalqımız üçün tarixi ədalətin bərpa olunduğu Zəfər ili kimi yadda qaldı. “Mən ona özüm qədər inanıram”, - deyərək ölkənin taleyüklü məsələlərini İlham Əliyevə etibar etməklə Ulu Öndərin yanılmadığını tarix bir daha sübut etdi.
Əgər 2016-cı ilin Aprel döyüşlərində Cocuq Mərcanlının azad edilməsi ilə Böyük qayıdışın başlanğıcı qoyuldusa, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla isə İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Qələbəsi təsdiqləndi. Otuz ilə yaxın erməni işğalı altında olan torpaqlarımız Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun, əsgərlərimizin yüksək döyüş qabiliyyəti nəticəsində işğaldan azad edildi. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın mərd oğulları torpaqlarımızın düşmən tapdağından xilas olması üçün qətiyyətlə döyüşdülər. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər, Şuşa və digər rayon, şəhər və kəndlərimiz əzəli sakinlərinə qaytarıldı. “Vətən naminə!” deyərək ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalanlar isə adlarını tarixin yaddaşına əbədi həkk etdilər.
Bu fikirləri Yasamal rayonu 53 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova söyləyib.
“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin vəsiyyətini sədaqətlə yerinə yetirdi, Şuşamız azadlığına qovuşdu. Qarabağdakı tarix və mədəniyyət abidələri erməni vəhşiliyinin qurbanı olsa da, sürətlə bərpa ediləcək və həyat yenidən öz axarına qayıdacaq. Üzeyir bəyin, Xan qızı Natəvanın, Bülbülün güllələnmiş heykəlləri yenidən öz doğma yurdu Şuşadadır. Qarabağın azad edilməsi hər bir azərbaycanlının ruhunu təzələdi, yaralara məlhəm oldu. Bu, böyük etimadın, inamın, Vətənin layiqli sərkərdəyə etibar edilməsinin təsdiqi idi. Hələ 90-cı illərdə müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev demişdi ki, “Gün gələcək, Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Bu gün Azərbaycanın Günəş kimi doğduğu, öz sözünü dediyi bir gündür.
İnanırıq ki, hər daşında, divarında şəhidlərimizin adı yazılan, oğullarımızın qanı axan bu torpağa bir daha düşmən ayağı dəyməyəcək. Şanlı tariximizdə təkcə Koroğlu, Babək, Cavad xana istinad etməyəcəyik. Deyəcəyik ki, Polad Həşimov, Əliyar Əliyev, Mübariz İbrahimov, Xudayar Yusifzadə, Dövlət Cəbrayılzadə və minlərlə qəhrəmanlarımız var.
Xalqımız Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək, illərin “məğlub”, “qaçqın” deyimlərindən çıxdı, öz kimliyini qazandı. Dövlət-xalq-ordu birliyi sayəsində gücümüzü, qüdrətimizi dünyaya bəyan etdik. Bu gün fəxrlə deyirik ki, Azərbaycan dövlətini, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən XXI əsrin sərkərdəsi İlham Əliyev xalqımızın tarixində silinməz şanlı Zəfər yazdı. Azərbaycanın müstəqilliyi əbədi olsun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”, - deyə Tünzalə Zeynalova bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər