Təhsil Nazirliyi: Layihə planlaşdırılması və layihə təklifinin yazılması üzrə təlimlərə başlanılıb

Təhsil Nazirliyi: Layihə planlaşdırılması və layihə təklifinin yazılması üzrə təlimlərə başlanılıb Təhsil Nazirliyi tərəfindən ölkə üzrə onlayn formatda “Layihə planlaşdırılması və layihə təklifinin yazılması” üzrə təlimlərə başlanılıb.
Təlimin keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin effektiv layihə təklifinin hazırlanması və yazılması, layihənin inkişafı və layihə təklifinin yazılma prinsiplərinin müəyyənləşdirilməsidir. Eyni zamanda, layihə təklifi hazırlayarkən monitorinq və qiymətləndirmə prinsiplərindən istifadə edilməsi, dinləyiciyə istiqamətlənmiş hesabatların hazırlanması sahələrində bacarıqların artırılmasıdır.
Təlim proqramı layihə təklifinin hazırlanması prosesi, mühitin və ehtiyacların araşdırılması, ideyanın formalaşması, layihə təklifinin anatomiyasını əhatə edəcək. Layihənin icra planı, monitorinq və qiymətləndirmə, layihənin icrası, risklərin idarəedilməsi, PR strategiyası və hesabatların hazırlanması daxil olmaqla bir sıra mövzular da nəzərdə tutulub.
Otuz altı akademik saatdan ibarət olan təlimlər qabaqcıl ölkələrdə təcrübə keçmiş beynəlxalq və yerli təlimçilər tərəfindən aparılır. Təlimlərə Bakı şəhəri və digər regionlardan ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərlə yanaşı, ümumtəhsil internat məktəblərində işləyən ümumilikdə 4 min 371 müəllimin cəlb edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, təlimin onlayn platformada keçirilməsi bütün bölgələrdə olan müəllimlərin qoşulması üçün şans yaradır.

Tehsil-press.az


Oxşar xəbərlər