Təhsildə inkişaf və innovasiyalar üzrə 32 layihə yekunlaşıb

Təhsildə inkişaf və innovasiyalar üzrə 32 layihə yekunlaşıb Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində dəstəklənən 32 layihənin icrası yekunlaşıb.
İdarənin tabeliyindəki məktəblərdə ümumi təhsil müəssisələri kateqoriyası üzrə 15, fərdi kateqoriya üzrə 17 layihə həyata keçirilib.
Sentyabrın 22-dən etibarən 3 ay müddətində icra edilən layihələr çərçivəsində şagirdlərlə müəllimlərin bilik və bacarıqlarının artırılması, innovativ qiymətləndirmə, metodik iş sisteminin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı maarifləndirici tədbir, konfrans, seminar, təlim və yarışlar keçirilib. Həmçinin, istedadlı məktəblilər üzə çıxarılıb, təhsil müəssisələri arasında əməkdaşlıq qurulub, bölgələrə səfərlər təşkil edilib.
Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin keçirilməsində əsas məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti, innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinə respublika üzrə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər qatılıb. Müsabiqə çərçivəsində 10 mövzu üzrə ümumi təhsil müəssisələri kateqoriyası üzrə 78, fərdi kateqoriya üzrə 213 layihə təklifi daxil olub. Müsabiqənin Təşkilat Komitəsi Ekspert Qrupu tərəfindən ümumi təhsil müəssisələri kateqoriyası üzrə 37, fərdi kateqoriya üzrə 83 layihənin dəstəklənməsi məqsədəuyğun sayılıb. Barələrində müsbət qərar qəbul olunmuş layihələrin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

BŞTİ-nin Mətbuat Xidməti



Oxşar xəbərlər