BDU-da dəyirmi masa: Hüquq sahəsində kadrların hazırlanması və ədliyyə fəaliyyəti

BDU-da dəyirmi masa: Hüquq sahəsində kadrların hazırlanması və ədliyyə fəaliyyəti Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı, professor-müəllim və tələbə heyətinin, hüquqşünasların iştirakı ilə “Hüquq sahəsində kadrların hazırlanması və ədliyyə fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə, həmçinin “Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda. I Hissə” dərs vəsaiti təqdim olunub.
Dəyirmi masada çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilib. Ulu Öndərin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq 2000-ci il 11 noyabr tarixdə imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq olunduğu gün - 22 Noyabr - Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.
2006-cı ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, Ədliyyə Nazirliyinə mühüm vəzifələr həvalə edilib, strukturu təkmilləşdirilib. Müstəqillik dövründə ilk dəfə olaraq dövlət başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilib, habelə “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanıb.
Dəyirmi masaya professor Əmir Əliyev moderatorluq edib. Tədbirdə Milli Məclisin deputatı, BDU-nun Hüquq fakültəsinin Dəniz və enerji hüququ mərkəzinin rəhbəri Bəhruz Məhərrəmov “Qanunvericilik hakimiyyətinin inkişafında hüquqşünas kadrların rolu”, Türkiyənin İstanbul Universitetinin kafedra müdiri professor Fethi Gedikli “Ədliyyə tarixi”, Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkillik fəaliyyəti və hüquqşünas kadrların hazırlanması”, Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Assosiasiyasının və İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliyinin sədri Ələddin Cəfərov “Məhkəmə hakimiyyətinin inkişafı və hüquqşünas kadrların hazırlanması”, BDU-nun Hüquq fakültəsinin dekanı vəzifəsini icra edən Cabir Quliyev “Ədliyyə sahəsində qanunvericiliyin inkişafı”, Hüquq Klinikasının rəhbəri Turqay Hüseynov “Ədliyyə fəaliyyəti və hüquqi təcrübə”, Mərkəzi Seçki Komissiyasının üzvü, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti Bəxşeyiş Əsgərov “Ədliyyə sahəsində kadrların ixtisaslaşdırılması”, BDU-nun İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri Əmir Əliyev “Hüquq sahəsində kadrların hazırlanması və beynəlxalq təcrübə”, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri Kamil Səlimov “Məhkəmə ekspertizasının inkişafı”, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Əliməmməd Nuriyev “Ədliyyə sahəsində ictimai nəzarətin təşkili”, Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının professoru Xəyyam İsmayılov “Azərbaycan ədliyyəsinin inkişaf tarixli” mövzularında məruzə ilə çıxış ediblər.
Dəyirmi masada təqdim olunan “Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda. I Hissə” dərs vəsaitinin əhəmiyyətindən danışılaraq qeyd edilib ki, nəşrdə bütün dövrləri əhatə edən Azərbaycanın şərəfli ədliyyə tarixi, o cümlədən əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ədliyyə və məhkəmə sisteminin davamlı inkişaf xüsusiyyətləri, istiqamətləri və islahatları geniş təhlil olunub.
Dərs vəsaiti hüquqşünaslar, o cümlədən məhkəmə və ədliyyə sahəsində çalışan və tədqiqat aparanlar, həmçinin Hüquq fakültəsinin tələbələri, magistrantlar, doktorantlar, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Sonda mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər