Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Nizami Gəncəvi” medalı ilə təltif olunub.
Prezident İlham Əliyevin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamı ilə qüdrətli Azərbaycan şairinin ədəbi irsinin öyrənilməsi və təbliği istiqamətində ölkədə və dünyada genişmiqyaslı işlər həyata keçirilir. Bu münasibətlə TÜRKSOY bir sıra əhəmiyyətli layihələri icra etməkdədir. Ölkəmizdə “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən tədbirlərdə TÜRKSOY-un nəşr etdiyi “Nizamini oxuyaq” kitab-albomu Nizami Gəncəvinin dünyada təbliği istiqamətində atılmış uğurlu layihədir. TÜRKSOY, eyni zamanda, “Nizami Gəncəvi” medalını təsis edib.
Bu günlərdə Muğam Mərkəzində keçirilən tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov tərəfindən medallar təqdim edilib. “Nizami Gəncəvi İli”ndə xidmətlərinə görə akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub. İsa Həbibbəyli TÜRKSOY-un türk xalqlarının mədəniyyətinin dünyada tanıdılmasında mühüm xidmətlər göstərdiyini bildirib və nəşr etdiyi “Nizamini oxuyaq” kitab-albomunu yüksək qiymətləndirib. O, “Nizami Gəncəvi” medalı ilə təltif olunduğuna görə TÜRKSOY-a və onun baş katibi Düsen Kaseinova minnətdarlığını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər