Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlıq əlaqələri genişləndirilir

Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlıq əlaqələri genişləndirilir Türkiyənin Bursa şəhərində yerləşən 4 peşə təhsil müəssisəsini və Bursa Təhsil İdarəsini təmsil edən nümayəndə heyəti ölkəmizə səfərdədir.
Səfərin məqsədi iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, qardaşlıq sazişlərinin imzalanması, təhsilalanlar və pedaqoji heyət üçün təcrübə mübadiləsinin təşkili, həmçinin tədris proseslərinin səmərəliliyinin artırılmasıdır.
Nümayəndə heyəti Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası ilə tanış olub. Sonra qonaqlar təhsil nazirinin müavini İdris İsayevlə görüşüblər. Görüşdə iki ölkənin təhsil sistemində peşə təhsilinin rolu və əhəmiyyəti vurğulanıb, əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.
Heyət Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə də baş çəkib, müəssisənin maddi-texniki bazası, infrastrukturu ilə yaxından tanış olub. Mərkəzlə tanışlıqdan sonra bu müəssisə ilə Bursa Şəhid Erol Olçok adına Texniki Anadolu Peşə Liseyi arasında qardaşlıq sazişi imzalanıb.
Türkiyəli qonaqlar Peşə Təhsili üzrə Dövlət Agentliyinin kollektivi - agentliyin direktoru Valeh Mirzalıyev, direktor müavini Ceyhun Kərəmov və şöbə müdirləri ilə də görüşüb.
Səfər çərçivəsində, həmçinin digər peşə məktəbləri ilə mümkün əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır.

Tehsil-press.az


Oxşar xəbərlər