Peşə təhsilinin inkişafına biznesin dəstəyi

Peşə təhsilinin inkişafına biznesin dəstəyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsilinin inkişafına biznesin dəstəyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri, işəgötürənlər, eləcə də “SR Chemical” və Almaniyanın “Maschinenfabrik Kurt Neubauer GmbH” (MKN) şirkətinin təmsilçiləri iştirak ediblər.
Tədbir çərçivəsində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, “SR Chemical” və “MKN” şirkətləri arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.
Daha sonra “MKN” şirkəti tərəfindən peşə təhsili müəssisəsində quraşdırılacaq mətbəx istilik avadanlığına baxış keçirilib, şirkətin aşpazı tərəfindən ustad dərsi təşkil olunub.
Tədbir zamanı, həmçinin peşə təhsili müəssisələrinin tələbələrindən ibarət komandaların iştirakı ilə “Milli Case” yarışına start verilib. Yarışda bir sıra peşə təhsili müəssisələrinin tələbələri aşpaz, dərzi və qaynaqçı ixtisasları üzrə öz peşə bacarıqlarını nümayiş etdirirlər. Üç gün davam edəcək müsabiqədə hər üç ixtisas üzrə qaliblər mükafatlandırılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər