Ədəbiyyat İnstitutunda “Yunus Əmrə zirvəsi” mövzusunda konfrans

Ədəbiyyat İnstitutunda “Yunus Əmrə zirvəsi” mövzusunda konfrans AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda böyük türk şairi Yunus Əmrənin 780 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.
Konfransı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli açaraq bildirib: “Biz Ədəbiyyat İnstitutu olaraq iyul ayının 12-də Ankarada Yunus Əmrə zirvə toplantısında təmsil olunmuşuq. İl ərzində Yunus Əmrə ilə bağlı tədbirlər keçirilib, tədqiqatlar aparılıb, məqalələr çap olunub. Özümüzə borc bilirik ki, Yunus Əmrə irsinin tədqiqinə öz töhfəmizi verək. Bunlardan birincisi Ədəbiyyat İnstitutunun çap etdiyi “Ədəbiyyat tarixi” kitabında ilk dəfə olaraq Yunus Əmrə haqqında ayrıca oçerk verməyimiz, ikincisi isə Yunus Əmrənin “Divan”ını çap etməyimizdir. Yunus Əmrənin “Divan”ı Türkiyədə bir neçə dəfə çap olunub. Biz bu nəşri hazırlayarkən şairin 417 şeirini Əbdülbaqi Gölpınarlının, Mustafa Tatçının, Fatih Köksalın hazırladığı variantlara və Vatikan nüsxəsinə əsasən çap etmişik. Ədəbiyyat İnstitutunun çap etdirdiyi kitab XIII əsr türk şairi Yunus Əmrənin Türkiyədə müxtəlif illərdə çap olunmuş divan nəşrlərindən istifadə edilməklə tərtib olunub”.
Akademik əlavə edib ki, Yunus Əmrə konfransını keçirmək, kitabını təqdim etmək bizim min illərdən gələn qardaşlığımızın, birliyimizin Yunus Əmrə işığında bəyan olunması deməkdir.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin din xidmətləri müşaviri Zəki Yavuz Yılmaz bildirib ki, 2021-ci il “Yunus Əmrə və türkcə ili” elan edilib. Yunus Əmrə Anadolu irfanının qurucularındandır.
Bakı Yunus Əmrə İnstitutunun müdiri Səlcuq Karakılıç çıxışında vurğulayıb ki, 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli”, Türkiyədə isə “Yunus Əmrə və türkcə ili” elan olunub. Yunus Əmrə “Divan”ı Azərbaycanda nəşr edilib. Bunun bənzəri olaraq Nizami Gəncəvinin əsərlərindən biri Türkiyədə çap olunacaq.
TİKA-nın Bakı koordinatoru Fatih Yılmaz qeyd edib ki, böyük türk şairi Yunus Əmrə və dahi Azərbaycan şairi Nizami Gəncəvi Azərbaycan-Türkiyə qardaşlığını ən gözəl şəkildə təmsil edən şəxsiyyətlər sırasındadır. Türkiyədə və Azərbaycanda isə Nizami Gəncəvi və Yunus Əmrə ilə bağlı təşkil olunan tədbirlər iki böyük şairimizi anlamaq və onların zamanı aşan mesajlarını dünyaya anlatmaq baxımından önəmlidir.
Konfransda filologiya elmləri doktoru, professor Məmməd Əliyev “Yunus Əmrə şeirinin poetikası”, filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətova “Yunus Əmrə şeirlərində insanın özünüdərki”, türkiyəli professorlardan Orxan Kamal Tavukçu “Yeni bəlgə və bilgilər işığında Yunus Əmrə”, Haşım Şahin “Yunus Əmrə sözünün gücü”, filologiya üzrə fəlsəfə doktoru Fəridə Vəliyeva “Yunus Əmrə və folklor” mövzularında məruzə ilə çıxış ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər