DİM Direktorlar Şurasının sədri zal nəzarətçiləri və imtahan rəhbərləri ilə görüşüb

DİM Direktorlar Şurasının sədri zal nəzarətçiləri və imtahan rəhbərləri ilə görüşüb Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il keçirilən buraxılış və qəbul imtahanlarında fərqlənmiş zal nəzarətçiləri və imtahan rəhbərləri ilə görüşüb.
İştirakçılar görüşdən öncə Mərkəzdə yaradılan ölkəmizin milli qiymətləndirmə üzrə tarixini əks etdirən muzeylə tanış olublar. Onlara milli qiymətləndirmə sisteminin yaradılması və inkişaf tarixi barədə məlumat verilib.
Görüşdə çıxış edən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ictimai iştirakçılıq prinsiplərinə uyğun olaraq Mərkəzin fəaliyyətində müxtəlif təşkilatların, elm-təhsil müəssisələrinin nümayəndələrinin iştirakının vacib olduğunu bildirib. Sədr qeyd edib ki, DİM tərəfindən bu il 32 növ müxtəlif imtahan keçirilib və bu imtahanlarda 400 mindən artıq şəxs iştirak edib. M.Abbaszadə imtahanların şəffaf keçirilməsində zal nəzarətçiləri və imtahan rəhbərlərinin rolundan, gördükləri işin məsuliyyətindən, imtahanlarda daha bacarıqlı və layiqli gənclərin seçilməsində onların xidmətlərindən bəhs edib və bu işin təşkilində öz köməyini əsirgəməyən müəllimlərə DİM kollektivi adından təşəkkür edib.
Sədr, həmçinin bildirib ki, DİM tərəfindən keçirilən imtahanların model, texnologiya və məzmun baxımından müxtəlifliyi zal nəzarətçilərinin fəaliyyətinin təkmilləşdirilməsini, peşəkarlıq səviyyəsinin yüksəldilməsini tələb edir. DİM tərəfindən ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə nəzarətçi qismində cəlb edilməsi məqsədilə 2018-ci ildən zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması layihəsi həyata keçirilir. Bu layihəyə maraq yüksəkdir və bu il sertifikasiyadan keçib imtahanlara cəlb olunmaq üçün 1300-dən artıq müəllim müraciət edib.
İclasda DİM-in şöbə müdiri Adıgözəl Həbibov imtahanların idarə edilməsində keyfiyyət göstəricilərinin artırılması məqsədilə hər il imtahanlara cəlb edilmiş məsul şəxslərin, eləcə də zal nəzarətçisi və imtahan rəhbərlərinin fəaliyyətinin yekun qiymətləndirilməsinin aparılması ilə bağlı iclas iştirakçılarına məlumat verib.
Bildirilib ki, bu prosesə cəlb olunmuş şəxslərin qiymətləndirilməsində imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə bacarığı, imtahan sənədləri ilə aparılan işin keyfiyyəti, köçürmə halları və digər qayda pozuntuları, onların ümumilikdə imtahanlarda fəal iştirakı və əvvəlki imtahanlarda əldə etdiyi keyfiyyət göstəriciləri nəzərə alınır. Araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 2170 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 28 zal nəzarətçisi, 6 imtahan rəhbəri fəxri fərmanla təltif edilib. Bundan əlavə, müəllimlərə hədiyyə olaraq DİM nəşrlərindən ibarət kitablar da verilib.
Qeyd edək ki, 2021-ci ildə keçirilən imtahanlara nəzarətçi qismində cəlb edilməsi nəzərdə tutulan müəllimlərin sayı 16346 nəfər olub. İl ərzində keçirilən imtahanlara 13726 nəzarətçi 38983 dəfə, o cümlədən buraxılış imtahanlarına 10903 nəzarətçi 23951 dəfə, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının II mərhələsinə 5710 nəzarətçi 6743 dəfə, digər imtahanlara isə 3824 nəzarətçi 8289 dəfə cəlb edilib.
Görüşdə, həmçinin DİM tərəfindən yaradılan e-psixoloq.az saytı barədə məlumat verilib. Saytın əsas fəaliyyət istiqamətləri olan onlayn konsultasiyalar, maarifləndirici materiallar, psixoloji testlər və peşələrin təsviri xidmətlərindən istifadə qaydaları izah edilib. Bundan əlavə, otk.az portalı vasitəsilə keçirilən imtahanlar haqqında təqdimat nümayiş etdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər