“Muzeylərimizi tanıyaq və tanıtdıraq” interaktiv ekskursiya layihəsi yekunlaşıb

“Muzeylərimizi tanıyaq və tanıtdıraq” interaktiv ekskursiya layihəsi yekunlaşıb Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Muzeylərimizi tanıyaq və tanıtdıraq” interaktiv ekskursiya layihəsi yekunlaşıb.
Noyabrın 6-dan start verilən ekskursiyalarda dekabrın 26-dək ölkənin 42 rayonundan ümumilikdə 14 min məktəbli iştirak edib. Bu uşaqlar şəhid və Qarabağ müharibəsi veteranlarının övladları, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrin övladları, internat məktəblərinin şagirdləridir.
Layihə çərçivəsində təşkil olunan birgünlük ekskursiyalarda Abşeron, Cəlilabad, Hacıqabul, Quba, Şabran, Siyəzən, Salyan, Şamaxı, Sumqayıt, Tərtər, Ucar, Xaçmaz, Yevlax, Oğuz, Zərdab, Ağcabədi, Ağdam, Astara, Bərdə, Ağdaş, Füzuli, İsmayıllı, İmişli, Kürdəmir, Lerik, Masallı, Mingəçevir, Naftalan, Qobustan, Lənkəran, Biləsuvar, Xızı, ikigünlük ekskursiyalarda isə Ağstafa, Balakən, Gəncə, Goranboy, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Zaqatala rayonlarının məktəbliləri iştirak ediblər.
Layihənin məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkil etmək, həmçinin onların dünyagörüşünü genişləndirmək, məktəbin təhsil məkanında muzey hərəkatının inkişafına töhfə vermək, ölkənin tarixi-mədəni irsi, milli-mənəvi dəyərləri haqqında bilik səviyyəsini yüksəltmək, uşaq və gəncləri muzey ekspozisiyaları və sərgiləri ilə tanış etməkdən ibarətdir.
Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, proqramın kuratoru Firuzə Sultanzadə bildirib ki, mərkəzin peşəkar əməkdaşı uşaq qrupları ilə işləyib, onlar ekskursiya qruplarının işini tam şəkildə əlaqələndirib, muzeylərə səfərlər zamanı onları kiçik qruplara bölüb, pandemiya zamanı ekskursiyaların aparılması qaydalarına, səyahətə, qidalanmaya, hoteldə yerləşməyə, ünsiyyətə nəzarət edib. Proqramın bütün iştirakçılarına xatirə hədiyyələri, isti gödəkçələr, bel çantaları, “Xarıbülbül” xatirə nişanları təqdim edilib. Qruplar Azərbaycan bayrağı və uşaqların gəldiyi rayon və şəhərlərin adı yazılmış plakatlar ilə gəliblər. Onlar fasilələr zamanı mərkəzdə və muzeylərdə canlı çıxışlar ediblər, mahnı oxuyublar, rəqs ediblər, şeir deyiblər. Uşaqların əksəriyyəti Bakıya ilk dəfədir gəliblər, həmçinin muzeylərə və sərgilərdə ilk dəfə olaraq iştirak ediblər. Onlar üçün bu, əsl bayram və yeni bir şeyin kəşfi olub. Onlar həm də hoteldə qaldıqları müddətdə bir-birlərini tanıyıblar və yeni dostlar qazanıblar.
İnteraktiv ekskursiyalar Heydər Əliyev Mərkəzinə, Azərbaycan Milli İncəsənət Muzeyinə, Hərbi Qənimətlər Parkına, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə, Azərbaycan Milli Xalça Muzeyinə, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğuna, Qobustan Milli Tarixi-Bədii Qoruğuna, “Suraxanı” tanker-muzeyinə və “YARAT” Müasir İncəsənət Mərkəzinə təşkil olunur.
Qeyd edək ki, 11 dekabr tarixindən etibarən "Muzeylərimizi tanıyaq və tanıtdıraq” interaktiv ekskursiya layihəsi çərçivəsində 300 məktəbli “Nargis” jurnalının “Port Baku Mall” ticarət mərkəzində təşkil olunan “Karabakh - Winter Wonderland” sərgisini də ziyarət edib. Sərgidə Qarabağın tarixi və mədəniyyətindən bəhs olunur.

Tehsil-press.az

Oxşar xəbərlər