"Muzeylər və Multikulturalizm" məktəblilər üçün muzey həftəsi

"Muzeylər və Multikulturalizm" məktəblilər üçün muzey həftəsinin açılış mərasimi keçirilib.

Tehsil-press.az-ın məlumatına görə, bu gün "Multikulturalizm ili" Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı ilə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi ilə birgə ikinci il təşkil etdilən muzey həftəsinin açılış mərasimi keçirilib.
Mərasimdə Təhsil nazirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dossent Firudin Qurbanov, Mədəniyyət və Turizm nazirinin müavini, professor Sevda Məmmədəliyeva, Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Əlaqələr şöbəsinin müdir müavini Anar Quliyev, Prezident Yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və Bakı şəhəri orta məktəblərin direktorları, muzeylərin direktorları, şagirdlər iştirak edirlər.
Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, proqramın məqsədi məktəblilərimuzeylərin kolleksiya fondu ilə tanış etmək, interaktiv ekskursiya zamanı müxtəlif milli, dini və mədəni irsə mənsub olan millətlər arasında qarşılıqlı münasibətləri öyrənmək, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmaq ayrı-ayrı dövr və mədəniyyətləri əks etdirən eksponatlarla tanış olmaqdır.
İkinci il keçirilən proqramı qonaqlara təqdim edən Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktoru Firuzə Sultan-zadə bildirib ki, məktəblilər üçün muzey həftəsi - "Muzeylər və Multikulturalizm" proqramı mayın 12-dən 18-dək Bakı şəhərində və regionlarda 25 muzeyi əhatə edəcəkdir.
Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Qız Qalası, "Şirvanşahlar Saray Kompleksi" Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Xalça Muzeyi Şuşa filialı,Miniatür Kitab Muzeyi, Hərb Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, H.Zərdabi adına Təbiət Tarixi Muzeyi, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi, Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu, Atəşgah Məbədi Dövlət Tarix-Memarlıq Qoruğu, Qobustan Dövlət Tarix-Bədii Qoruğu və bu ildən Tusi Bohm Planetarium, regionlar üzrə isə Sumqayıt və Mingəçevir Şəhərinin Tarixi Muzeyi, Quba, Saatlı, Lənkəran, Xaçmaz, Kürdəmir rayon Tarix-Diyarşünaslıq Muzeyləri də bu proqrama qoşulmuşlar. Keçən il yeddi min məktəbli Bakı şəhərin fəaliyyət göstərən 15 muzeyə ekskursiya etmişlər.
Məktəblilər muzeylərin kolleksiya fondu ilə tanışlığı zamanı ölkələrarası mədəniyyətlərin bir-birinə təsir və əlaqələri öyrənərək, ölkə əhəmiyyətli memarlıq abidələri, xüsusi istifadə olunan məişət, əşya və geyim nümunələri, foto və sənət əsərləri ilə tanış olacaq. Yeni proqram üçün Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin metodistləri tərəfindən xüsusi interaktiv marşurutlar təyin edilib və multikulturalizm ili çərçivəsində mövzular seçilib.
Xatırladaq ki, hər il mayın 18-i Beynəlxalq Muzey Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (İKOM) 2016-cı ilin həmin gününü "Muzeylər və mədəni landşaftlar" mövzusuna həsr edib.


Tehsil-press.az

Oxşar xəbərlər