BDU-da imtahanlar gələn il yanvarın 5-dən etibarən əyani formada təşkil ediləcək

BDU-da imtahanlar gələn il yanvarın 5-dən etibarən əyani formada təşkil ediləcək Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclasda 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi haqqında qərar qəbul edilib.
İmtahanlar təhsil nazirinin 2021-ci il 10 dekabr tarixli əmrinə müvafiq olaraq gələn il yanvarın 5-dən etibarən əyani formada keçiriləcək.
COVID-19 pandemiyasının mənfi təsirlərinin azaldılması, BDU-da imtahanlararası növbəliliyin gözlənilməsi, sıxlığın aradan qaldırılması məqsədilə bakalavriat səviyyəsinin I kursunda təhsil alan tələbələr üçün humanitar fənn blokuna aid olan “Azərbaycan dilində işgüzar kommunikasiya” və “Xarici dildə işgüzar kommunikasiya” fənləri üzrə imtahanların şifahi formada cədvəl üzrə müəyyən olunmuş günlərdə saat 14:00-18:00 aralığında təşkil olunacaq. II, III, IV kurslarda payız semestrində tədris olunan fənlərdən yalnız biri üzrə imtahanın şifahi formada, əvvəlcədən təyin olunmuş günlərdə saat 14:00-18:00 aralığında keçirilməsi nəzərdə tutulub. Bu fənlər fakültə elmi şuralarının qərarı ilə müəyyən olunacaq.
Bakalavriat səviyyəsinin bütün kurslarında yazılı imtahanlar əvvəlcədən təyin olunmuş günlər üzrə saat 10:00-13:00 aralığında keçiriləcək. Magistratura səviyyəsinin I və II kurslarında isə bütün imtahanlar yazılı formada və əvvəlcədən təyin olunmuş günlər üzrə saat 14:00-18:00 aralığında təşkil ediləcək.
2021-2022-ci tədris ilinin payız semestrində onlayn və ənənəvi dərslərdə texniki səbəbdən, eləcə də xəstəliklə əlaqədar olaraq iştirak edə bilməyən tələbələrin müraciətlərinə onların təqdim etdikləri sənədlərə uyğun olaraq fərdi qaydada baxılacaq.
İclasda, həmçinin BDU əməkdaşlarının əməkhaqlarının qaldırılması haqqında qərar qəbul edilib.

Tehsil-press.az




Oxşar xəbərlər