Əmək və Sosial Münasibətlər Akademiyası yaz semestrinin imtahan sessiyası ilə bağlı qərarlar qəbul edib

Əmək və Sosial Münasibətlər Akademiyası yaz semestrinin imtahan sessiyası ilə bağlı qərarlar qəbul edib Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Elmi şurasında yaz semestrinin imtahan sessiyası ilə bağlı qərarlar qəbul olunub.
Bakalavr səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulan cari attestasiyalardan (fənlər üzrə) müvəffəqiyyətlə keçmiş və yekun dövlət attestasiyası buraxılış yekun dövlət imtahanı formasında nəzərdə tutulan tələbələr (bu şərtləri ödəyən kontingentdə saxlanılmış və bərpa olunmuş tələbələr də daxil olmaqla) təhsil müddətində əldə etdikləri nəticələrə (ÜÖMG) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab ediləcək.
ÜÖMG-yə uyğun olaraq yekun dövlət attestasiyasının nəticələri ilə razılaşmayan tələbələr üçün iyunun 30-dək Təhsil Nazirliyinin “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”inə riayət olunmaqla ənənəvi formada buraxılış yekun dövlət imtahanı keçiriləcək.
Yaz semestrində “Microsoft Teams” platforması üzərindən onlayn dərslərdə iştirak edən tələbələrin imtahanlara giriş balı 34-50 arasında hesablanacaq və imtahanlar onlayn şifahi formada təşkil ediləcək. Onlayn dərslərdə iştirak etməyən tələbələr üçün imtahanlara giriş balı 34 olacaq.
Akademik borclarını ləğv etmək üçün altqruplarda dərslərə yazılan tələbələrə imtahana giriş balı 34, imtahan balı isə 17 bal hesablanacaq (yəni tələbə birbaşa olaraq imtahandan keçmiş hesab olunur).
İmtahan sualları fənn saatlarından asılı olaraq hazırlanacaq, yəni 90-75 saatlıq fənlər üçün – 50 imtahan sualı, 60-45 saatlıq fənn üçün – 40 imtahan sualı, 30 saatlıq fənn üçün – 30 imtahan sualı müəyyənləşdiriləcək.
Tələbə müraciətlərinin operativ araşdırılması üçün Apellyasiya Komissiyası fəaliyyət göstərəcək.
Elmi şuranın qərarı ilə razılaşmayan tələbələr iyulun 5-dək ərizə ilə dekanlığa müraciət edərək avqust ayında təşkil olunacaq icmal dərslərdə, sentyabrın 1-dən 12-dək imtahanlarda iştirak edə bilərlər.
Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında, 2020/2021-ci tədris ili başlayanadək müəyyən ediləcək. Yaz semestrinin nəticələrinə görə akademik borcu yaranmış və akademik borcunu 2020/2021-ci tədris ili başlayanadək ödəyən tələbələr də təqaüd alacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər