Bu dəfə imtahan çörəklə, unla olacaq?...

Bu dəfə imtahan çörəklə, unla olacaq?... Yeni il yeni sınaqlarla, yeni böhran anonslarıyla gəldi.
Adət və tətbiq etdiyimiz dəyərlər keyfiyyət etibarilə dəyişib. Məsələn, ənənəvi enerjini alternativ enerji əvəz edir. Proses ləng getsə də. Elə öyrəşdiyimiz ənənəvi silahların da mahiyyəti dəyişir. Belə demək olarsa, yeni kütləvi qırğın silahları istismara verilir. Bu, nüvə bombası deyil, atom bombası deyil. Məsələn, mavi qazdır.
Bu gün Avropa bu silahın təhdidi və tətiyi altında əziyyət çəkir. Azərbaycan energetika sferasında inhisarçılığın əleyhinədir və alternativ olaraq şaxələndirmə təklif edir. Bu yolda da irələliləyir.
Yaxud başqa bir kütləvi qırğın silahı: İmkanlı dövlətlərin kasıb dövlətlərə qarşı tətbiq etdiyi vaksin millətçiliyidir. Azərbaycanın Prezidenti İlham Əliyev iki ildir ki, BMT-nin tribunasından bu mənəviyyatsızlığı ifşa edir, belə yanaşmaların bəd aqibət vəd etdiyi barədə xəbərdarlıq edir.
İndi isə başqa bir qlobal təhdidlə üz-üzəyik. Yer kürəsi-Ümumdünya Səhiyyə Təşkilatının ötən ilin dekabr ayında verdiyi “2022-nin pandemiyanın son ili olacağına əminik!” bəyanatına yenicə sevinməyə, buzlu şüşənin acığına nəfəsi dərindən almağa hazırlaşırdı ki, bəşəriyyətə - sarı qılçıq rəngində xəbərdarlıq kartı göstərdilər: Elan edildi ki, bu dəfə imtahan çörəkdən, taxıldan, undan olacaq! Qaz kimi, taxıl da potensial qırğın silahına çevriləcək.
Artıq bilirik ki, Amerika Birləşmuiş Ştatları başda olmaqla, Qərbin özünəməxsus sanksiya metodu var: Rusiya və Çin, bu dövlətlərin tərəfdaşları belə sanksiyaların əsas hədəfləridir. Amma tutalım, Rusiya və Çinin də özünəməxsus müqavimət tədbirləri, kontrsanksiyaları var. Hətta belə bir xof da var ki, Çin Xalq Respublikası dünyanın bütün ərzaq ehtiyatlarının böyük hissəsini satın alıb. Düzdür, məlumat Çinin əsas rəqibi olan Birləşmiş Ştatların Kənd Təsərrüfatı Nazirliyinə istinadla yayılıb. Amma mənbənin nüfuzlu “Nikkei Asiya” nəşrinin olması xəbəri dezinformasiyalıqdan çıxarır. “Nikkei Asiya” yazır ki, Çinin anbarlarında dünyanın təkcə elə buğda ehtiyatlarının 50 faizi saxlanır. Deməli, mavi qızıl-qaz ehtiyatı ilə silahlanmaq kimi, vaksin ehtiyatıyla silahlanmaq kimi, taxıl, buğda, un ehtiyatlarını da ələ keçirib silah-sursat tədarükü görmək olarmış. Onu da nəzərə alaq ki, Amerika Birləşmiş Ştatları da qara günə tədarük görməkdə və öz vətəndaşının boğazını müstəqil saxlamaqda israrlıdır. Rusiya da, Qazaxıstan da, Kanada da…
Ümumiyyətlə, hər bir dövlət öz ərzaq təhlükəsizliyinin qayğısına qalır. Kimsə bunu normal ehtiyac, kimsə normal ehtiyat, kimsə də uzaqmənzilli hədəf kimi görür.
Azərbaycan belə aqibətlə bağlı müxtəlif vaxtlarda müxtəlif addımlar atıb. Məsələn, 2001-ci ildə Prezident Heydər Əliyev “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdı.
Prezident İlham Əliyevinsə hələ 2012-ci ilin mart ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə 28-ci regional konfransının Bakıda keçirilməsinə nail olması uzaqgörənlik nümunəsi idi.
Bütün bunlar ərazi bütövlüyümüzün bərpa olunmadığı dövrdə baş vermişdi. Dövlət torpaqlar işğaldan azad ediləndən sonrakı günlər üçün də müəyyən planlara malik idi. Və əslində bugün planetdə qeydə alınan ərzaq, xüsusilə taxıl böhranı yalnız ərzaq və yalnız taxılla bağlı deyil. Altqatda çoxlu səbəblər var: qlobal istiləşmə, onun kütləvi meşə yanğınları kimi fəsadları, eko-qəzalar nəticəsində sıradan çıxan flora və fauna... Yəni bu gün bəşəriyyətin üzərinə gələn taxıl böhranı o bəlalarla bağlıdır. İndi anlaşırmı niyə Prezident aqroparklarla bağlı nəhəng layihələrə diqqət yetirirdi.
Goranboy. 2018-ci ilin yayı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Beləliklə, ölkə qarşısında duran əsas vəzifələrdən biri — ərzaq təhlükəsizliyi məsələsi öz həllini tapacaq və biz idxaldan asılılığımızı daha da azaldacağıq. Mənə məlumat verilib ki, məhsuldarlıq da çox yüksəkdir. Arpada hektardan məhsuldarlıq 50 sentnerdir, hesab edirəm ki, buğda da ən azı bu qədər olmalıdır. Yəni, burada ən müasir texnologiyalar tətbiq olunur, o cümlədən müasir suvarma texnologiyaları, pivot suvarma sistemləri quraşdırılır. Bu sistemlərin tətbiqi Azərbaycanda geniş vüsət alacaq. Bu məqsədlə artıq bu sistemlərin istehsalı ölkəmizdə təşkil edilibdir ki, xaricdən asılılıq azalsın və xaricə valyuta getməsin. Beləliklə, aqroparkların yaradılması və fəaliyyəti nəticəsində ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapacaq".
Və ya ölkənin su ehtiyatları ilə bağlı keçirilən müşavirə. Yəqin yadınızdadır. Sosial şəbəkələrin, bəzi məsuliyyətsiz internet TV-lərin provakativ müşayiəti ilə ölkədə az qala su qiyamı hazırlananda İlham Əliyev belə bir toplantı keçirmişdi. Əliyev ona verilən məlumatdan sonra narahatlığını gizlətməmiş, su probleminin yedək bəlalara yol açacağına diqqəti cəlb etmişdi.
2020-ci ilin iyul ayı idi...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:
“Amma təkcə suyun çatışmazlığı görün bizə nə qədər böyük ziyan vurur. Taxılçılıqda məhsuldarlıq daha yüksək olmalı idi, pambıqçılıqda da həmçinin. Bu il biz birinci dəfə təkrar əkinlə bağlı təcrübədən istifadə etdik. Mənə ilk verilən məlumat o idi ki, biz 100 min hektarda qarğıdalı əkək. Sonra suyun çatışmazlığı ilə əlaqədar bunun 50 min hektarını ixtisar etdik. Amma heç 50 min hektarda da əkə bilmədik. Misal üçün, biz 100 min hektarda bunu əkə bilsək, bu, bizə nə qədər xeyir verəcək, yem bazamız nə qədər genişlənəcək və idxaldan asılılıq azalacaq, valyuta xaricə getməyəcək. Ona görə bütün bu məsələlər çox ciddi təhlil edilməlidir və edilir. Eyni zamanda, veriləcək tapşırıqlar və qəbul ediləcək proqram hərtərəfli olmalıdır. Biz nə mümkündürsə, bu il etməliyik. Əsas işləri, əlbəttə ki, gələn ilin əkin mövsümünə hazırlıq məqsədilə etməliyik”.
Bu misalları niyə çəkirəm? Ona görə ki, dünyanın bu gün üzərinə gələn ərzaq, xüsusilə taxıl problemini qarşılamaqdan ötrü Azərbaycanda xeyli iş görülüb və bu gün respublika kifayət qədər etibarlı ərzaq təhlükəsizliyi yastığına malikdir. İşğaldan azad edilmiş ərazilərin də tərkibi əkinə, xüsusilə də ərzaq təyinatlı məhsullarıın əkininə yararlı torpaqlarla zəngindir. Böyük Savaş Azərbaycan torpaqlarını geri qaytardı. Böyük Qayıdış isə insanlarımızı torpağa qaytarır. Qlobal istiləşmənin ağır fəsadlarını maksimum təhlükəsiz həddə salaraq keçirmək və eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə başlanan bərpa-quruculuq işlərini də davam etdirmək qalib ölkənin vətəndaşlarından, dövlətin informasiya-təbliğat maşınından hər bir ciddi prosesə xüsusi məsuliyyət və bacarıq tələb edir. Ötən ilin sonuna yaxın hiss edilirdi ki, taxıl, buğda, unun qiymətində dəyişiklik baş verəcək. Bu gün həm qlobal istiləşmənin fəsadları nəticəsində yaranan obyektiv, həm də bu reallıqdan rəqiblərini zəiflətmək məqsədilə istifadə etmək istəyən qüdrətli dövlətlərin sayəsində formalaşan subyektiv şərait ilk növbədə vətəndaşdan soyuqqanlı olmağı, əsassız panikaya düşməməyi tələb edir. Yadınızdasa, biz pandemiya yenicə vüsət alanda da intizamlı olmağın, dövlətə inanmağın faydalarından bəhs etmişdik. Taxılla vəziyyət təxminən eynidir. Panikaya düşməmək! Dövlətə inanmaq! Süni bahalaşdırmadan çəkinmək. Azərbaycanda un problemi yoxdur. Çörək problemi yoxdur. Taxıl problemi yoxdur. Taxılın və çörəyin qiymətini bazarın ixtiyarına buraxmaq dünyanın bütün ölkələrinin öz vətəndaşını və bazarını qorumaq, həm də bir nömrəli qida məhsulu vasitəsilə ərzaq təhlükəsizliyini, eləcə də milli təhlükəsizliyi qorumaq məqsədi kimi Azərbaycanın da hədəfidir. Azərbaycanda buna bənzər situasiyaları tariximizin son 30 ilində dəfələrlə görmüşük.
Yadınızdadırsa, benzin çox ucuz olanda onu kanistrlərə doldurub qonşu respublikalara daha baha qiymətə satmağa aparırdılar. Elə biz özümüz: İran İslam Respublikasında benzinin qiymətinin ucuz olması səbəbindən nə qədər riskə gedib gizli yolla o ölkəyə getmişik?! Ona görə də taxıl və taxıl məhsulları, un və un məmulatları, hətta düyü, şəkər və s. kimi qida nümunələrinin qiymətini qonşu respublikalardan ucuz etmək olmaz! Daxili bazarı qorumaq məqsədilə! Ümumiyyətlə, dövlət təhlükəsizliyi yalnız bir-iki qurumun işi deyil. Xüsusilə sosial şəbəkələrin yaratdığı asan əlçatanlığın hesabına məsuliyyətsizlik püskürən daşıyıcıların zərərli fəaliyyətini nəzərə alsaq…

Tehsil-press.az

Oxşar xəbərlər