“Təhsilə ictimai baxış” silsiləsindən ilk müzakirə təşkil olunub

“Təhsilə ictimai baxış” silsiləsindən ilk müzakirə təşkil olunub Təhsil Nazirliyi yanında İctimai Şuranın və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsilə ictimai baxış” silsilə müzakirələr çərçivəsində ilk tədbir təşkil olunub.
Təlim və tərbiyə mövzusuna həsr olunan ilk müzakirədə Təhsil Nazirliyinin əməkdaşları, nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil ekspertləri, məktəb direktorları, valideyn və müəllimlər, digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Müzakirələrdə təlim və tərbiyə prosesinin təşkilində mövcud vəziyyət, problemlər, onların səbəbləri və çıxış yolları, o cümlədən təlim və tərbiyənin vəhdətinin səmərəli təşkili məsələlərinə toxunulub.
Giriş nitqi ilə çıxış edən İctimai Şuranın sədri Günel Səfərova silsilə müzakirələrin məqsədindən danışıb. Bildirilib ki, məqsəd bütün maraqlı tərəflərlə səmərəli dialoq qurmaq və mövcud vəziyyəti yaxşılaşdırmaq üçün reallıqları müzakirə etmək, ictimai rəyi öyrənmək və təhsildə inkişafın mümkün istiqamətlərini nəzərdən keçirməkdir.
Təhsil nazirinin müşaviri Elnur Nəsibov bu cür silsilə müzakirələrin təhsil naziri Emin Əmrullayevin təhsilin təkmilləşdirilməsində ictimai rəyin öyrənilməsinin əhəmiyyəti ilə bağlı çağırışına cavab mahiyyəti daşıdığını vurğulayıb və təhsilin bütün cəmiyyətin maraq mövzusunda olduğunu bildirib.
Daha sonra Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev “Məktəblərdə keyfiyyət monitorinqi-2021 nəticələrinin təhlilində müəllim-şagird münasibətləri və bullinq” adlı təqdimatla çıxış edib. Şöbə müdiri təqdimatında təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə məktəblərdə təhsilin, tədris və idarəetmə prosesinin keyfiyyətinin ölçülməsi məqsədilə keçirilən monitorinqlərin nəticələrinə toxunub.
Müzakirələrdə təhsilin inkişafı ilə əlaqədar bir sıra çağırışlar səsləndirilib və belə müzakirələrin davamlı olmasının əhəmiyyəti qeyd edilib.

Tehsil-press.az


Oxşar xəbərlər