Yeni nazir müavini məktəbəhazırlıq qruplarının təşkilinin əhəmiyyətindən danışdı

Yeni nazir müavini məktəbəhazırlıq qruplarının təşkilinin əhəmiyyətindən danışdı Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə "Ümumi təhsildə keyfiyyət ili"nin yekunlarına həsr olunmuş konfrans keçirilib.
“Keyfiyyətin təminatı: Məktəb idarəetməsi və qiymətləndirmə” adlı konfransda təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Konfransın keçirilməsinin əsas məqsədi “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində məktəb idarəediciləri və təhsilverənlərin iştirakı ilə təhsilin inkişafı istiqamətində keçirilən tədbirləri, tədris ili ərzində görülmüş işləri ümumiləşdirmək və nəticələrini müzakirə etmək, səmərəli məktəb idarəetmə modelinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirməkdir.
Konfransda çıxış edən təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifəsini icra edən M.Vəliyeva 2017-2018-ci tədris ilinin yekunları və növbəti dərs ilində qarşıda duran vəzifələr barədə məlumat verib. O, şagirdlərin şəxsiyyət kimi formalaşdırılması, onların biliyinin qiymətləndirilməsi, davamiyyət, təlim-tərbiyə prosesinin keyfiyyəti, təhsildə dəyərlər amili, şagirdlərin I sinfə qəbulu, məktəbəhazırlıq qruplarının təşkilinin əhəmiyyəti barədə danışıb. Həmçinin təhsil müəssisələrinin idarə edilməsi işinin təkmilləşdirilməsi, yeni layihələrin icrası, məktəblərin ictimai nüfuzunun artırılması və digər müvafiq məsələlərə toxunub.
Konfransda məktəbdaxili monitorinqin təşkili və idarə edilməsi, məktəbdaxili qiymətləndirmənin nəticələrindən idarəetmədə istifadə olunması, test tapşırıqları və onların hazırlanması, məktəbdə psixoloji xidmətin təşkili və sağlam psixoloji mühitin rolu, təhsilverənlərin fəaliyyətinin artırılması məsələləri müzakirə olunub.
Müzakirələrdə müxtəlif məsələlərlə bağlı təkliflər bildirilib, müvafiq mövzular ətrafında müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər